"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"yə 4:2 hesabı ilə qalib gəldikləri yoxlama görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Matç sizin üçün necə alındı?
- Yaxşı oyun oldu. Bu gün hər futbolçuya oynamaq şansı verdik. Doğrudur, bəzi futbolçular dəqiqə olaraq, az oynadılar. Bu da planlaşdırılmışdı. Abdullah Zubir, Marko Veşoviç və Bəhlul Mustafazadəni nəzərdə tuturam. Onların ikisi xəstə idi, Bəhlul zədədən qayıtmışdı. Bu futbolçuların az oynaması lazım idi. Rəşad Sadıqov da sağ olsun, belə proqramla razılaşdılar və bu cür oyun keçirdik. Yaxşı sonluq oldu. Hər iki komanda üçün faydalı oyun idi. Sakit, intizamlı matç oynadıq. Razı qaldıq. Hazırlıq proqramımızın son oyunu idi. Ümumən pis alınmadı.
- Hazırlıq dövründə istədiklərinizi əldə edə bildiniz?
- Ümumən razı qaldım. Amma istədiklərimin hamısı həyata keçə bilməz. Vaxtımız, məşq sayımız azdır. Qarşıdakı aylarda futbolçular tam, öz idman formasını yığdıqdan sonra onlardan maksimumu tələb edə biləcəyik. Ümumən razı qaldım.
- Davud Mənsumov və Amin Rzayev haqda hansı fikirdəsiniz?
- Yaxşıdılar. Nə qədər vaxtdır ki, bizimlə məşq edirlər. Davudu komandaya bir az gec cəlb etmişik . Üç aydır, bizimlə məşq edir. Aminin 16 yaşı var və 1 ilə yaxındır ki, bizimlədir. Aftandil Hacıyev onu bizə təklif etmişdi ki, perspektivli uşaqdır. Fiziki durumlarını yaxşılaşdırmaq üçün əlavə məşqlər edirlər. Yavaş-yavaş komandaya cəlb olunurlar. Amma hələ gəncdirlər. İstəyirik ki, kollektivin içində böyüsünlər. Əgər hazırda Amini bu yaşda “Qarabağ”da stoper kimi oynadırıqsa, özü də bunu düzgün etməyə çalışırısa, həm bizim, həm də özü üçün üstünlükdür. Davud da özünü itirmirsə, kollektivdə qol vurmaq üçün çəkinmədən hücuma gedirsə, bu da həm özü, həm də bizim üçün müsbət haldır. İntizamlı uşaqlardır.
- Juninyo məsələsində son durum nə yerdədir?
- Rəhbərlikdən də deyirlər ki, məsələ sonluğa doğru gedir. Dünən və bu gün rəhbərlikdən heç kimi görməmişik. Ona görə də bir söz deyə bilməyəcəm. Hər şey tamamlanmağa doğru gedir.
- AFFA-nın legioner limitini ləğv edəcəyi ilə bağlı fikirlər səsləndirilir. Siz bu haqda nə düşünürsünüz?
- Bu haqda fikir bildirmişəm. İcraiyyə Komitəsinin üzvüyəm və ona görə də, hansısa fikir bildirməyim doğru olmazdı. Çünki o qrupda iştirak edirəm. İndi fikir bildirməyim düzgün deyil.
- Yeni inkişaf strategiyasında 5 əsas maddə üzə çıxarılıb və millinin FİFA reytinqində 70-ci sıraya qədər yüksəlməsi əsas hədəflərdəndir. Sizcə, bunu əsas beş hədəfdən ikisi kimi qabartmaq doğrudur?
- Hazırda konkret fikir söyləmək tezdir. Futbol, idman stabilliyi xoşlayır. Biz birdən-birə 10 mərhələ irəli gedə bilərik, ya da geri düşə bilərik... Amma bununla hər şeyin tamamlandığını deyə bilmərik. Ya da, irəli getdiksə, inkişaf etmişik, bir il sonra geri düşəndə, tam əksini düşünmək doğru olmaz. Hələ ki strategiya planı da tam formalaşmayıb. Hər şey tam formalaşdıqdan sonra, bəzi lazımı onlar elementləri, bizə uyğun olanları ayrıca götürüb onların ətrafında müzairə aparılsa, daha doğru olar. Onsuz da, bu hədəflər inkişaf etmək üçün irəli sürülür. Hansı bizim üçün uyğun və uğurlu olacaq, bu gün nəsə deməyim tezdir. Hər şey tamamlandıqdan sonra daha böyük müzakirə mövzusu ola bilər.