![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739123964_lukas-vaskes.jpg)
İspaniya "Real Madrid"inin futbolçusu Lukas Vaskes zədələnib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı sağ cinah müdafiəçisi La Liqada XXIII turun "Atletiko" ilə ev oyununda dizaltı vətərindən xəsarət alıb. 81-ci dəqiqədə o, yerini komanda yoldaşına verib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Tibbi müayinədən sonra təcrübəli oyunçunun fevralın 11-də İngiltərənin "Mançester Siti" komandasına qarşı UEFA Çempionlar Liqasının ilk pley-off qarşılaşmasını buraxacağı müəyyənləşib. "Real Madrid" bu matçı səfərdə keçirəcək.
Qeyd edək ki, Lukas Vaskes bu mövsüm bütün turnirlərdə 30 görüşdə 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayınadək qüvvədədir.