![](https://sportnet.az/uploads/posts/2024-12/1734760225_misl.jpg)
FIFA Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümü ilə bağlı tələb qoyub.
Sportnet.az-ın Teleqraf-a istinadən məlumatına görə, bununla əlaqədar AFFA-ya sirkulyar məktub göndərilib.
Sənəddə göstərilir ki, növbəti mövsüm 2026-cı il mayın 25-dək başa çatdırılmalıdır. Ali futbol qurumu DÇ-2026 öncəsi futbolçuların məhz bu tarixdən mütləq istirahətə buraxılmasını istəyib. Hətta Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların təmsil etdikləri ölkələrin yığmaları mundialda oynamaq hüququ qazanmasalar belə, bu qərar icra olunmalıdır. İstisna hal Avropa kuboklarının final oyunlarına şamil ediləcək.
Bu il Azərbaycanda futbol mövsümünə iyunun 1-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ölkə kubokunun final oyunu ilə yekun vurulacaq. 2025/2026 mövsümündə daha iki yenilik klub sayının 10-dan 12-yə yüksəldilməsi və legioner limitinin ləğvi olacaq. Komanda artımı fonunda mövsümün daha erkən başa çatdırılması tələbi çempionatın təqvimində sıxlığa gətirib çıxaracaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyulda ABŞ, Kanada və Meksikada keçiriləcək.