![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739168636_ne.jpg)
“Şamaxı”cari mövsümü sonuncu pillədə bitirməyi düşünmür. Biz daha yuxarılarda olmaq istəyirik”.
Bu sözləri Sportnet.az-a açıqlamasında “Şamaxı”nın albaniyalı futbolçusu Belajdi Pusi Azərbaycan Premyer Liqasının XXII turunda evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
27 yaşlı hücumçu 3 tur sonra qazanılan qələbənin komandasının turnir cədvəlindəki mövqeyinə təsirindən danışıb: “Hər oyunda etməli olduğumuz kimi yaxşı xarakter göstərdik. Birinci hissədən sonra paltardəyişmə otağında səhvlərimizi müzakirə etdik və baş məşqçimiz Ayxan Abbasov nəyi düzəltməli olduğumuzu bizə bildirdi. İkinci hissədə isə bunları maksimum yerinə yetirməyə çalışdıq. Belə davam etsək, xal və ya xallar qazana bilərik. Buna kimi bizim üçün bir az çətin idi, qələbə qazana bilmirdik. Həmçinin, rəqiblərimiz bizə yaxınlaşırdılar. Artıq qələbə qazanmağa davam etməliyik”.
Pusi 3 xal üstün olduqları əsas rəqibləri “Kəpəz”lə növbəti oyuna da qələbə əzmi ilə çıxacaqlarını bildirib: “İndiyə qədər çətin oyunlarımız oldu, bunları keçəndən sonra xal qazanmağa və fərqi saxlamağa davam edəcəyik. “Kəpəz”lə matça da yaxşı hazırlaşacağıq. Hər oyun qələbə qazanmağa çalışırıq. Hazırda diqqətimizi özümüzü inkişaf etdirməyə yönləndirmişik. Biz turdan-tura daha yaxşısını etməyə çalışırıq”.
Qeyd edək ki, 22 turdan sonra “Şamaxı” 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Kəpəz"lə oyun fevralın 17-də Tovuz şəhər stadionunda keçiriləcək.
Həşim MƏMMƏDOV