Elşən MƏMMƏDOV
Bu qədər sponsoru, bu boyda təlim-məşq bazası, bu yekəlikdə beynəlxalq standartlı stadionu olan klub belə vəziyyətdə olmamalıdır. Axı sənin nəyin çatmır?
Rəşad Sadıqov da mətbuat konfransında bildirdi, o "Zirə"nin, o "Araz-Naxçıvan"ın səndən nəyi artıqdır, ay doğma Sumqayıtımın eyniadlı klubu?
Yaxud əksini deyək, bazası, stadionu olan "Neftçi"dən, "Sabah"dan hansı infrastrukturun zəifdir, ay "Böyük şəhərin tək komandası"?
Əvvəllər sən infrastrukturu, şəraiti bəhanə edə bilərdin. Amma indi puldan başqa heç bir problemin olmamalıdır.
Ay Vaqif Cavaqov, siz niyə hər dəfə təsəlli tapmalısınız ki, "Şamaxı", "Kəpəz" və "Səbail" hələ "Sumqayıt"a çatmayıb?
Ey hörmətli klub prezidenti Riad Rəfiyev, məqsədiniz "Sumqayıt"ı kiminsə farm-klubuna çevirməkdirsə, oyunçu gətirib yetişdirmək və satmaqla klub büdcəsi formalaşdırmaqdırsa, deyin, bilək.
Amma "Sumqayıt" azarkeşləri "ikinci-üçüncü nömrə" olmaqla heç vaxt barışmayıb və barışmayacaq da.
Bu klub baş məşqçinin də, futbolçunun da ən yaxşısını gətirməlidir. Bu klub daim iddialı olmalıdır!
Bu klubun ""Neftçi", "Sabah" qədər - illik 20 milyon büdcəsi olmalıdır. Manatını, dollarını və ya avrosunu özünüz müəyyənləşdirin!
Heç nədən çəkinməməlisiniz ki, pulumuz getdi, amma nəticə olmadı. "Neftçi" illərdir 10 milyonlarla pulu israf edir, görün, "gözünün üstündə qaşın var" deyən olurmu bu kluba? Ürəyinizi buz kimi saxlayın, hədəfə gec-tez çatacaqsınız!
10 oyundur qol həsrəti ilə yaşayırsınızsa, deməli, problem hücumçularda, daha da dərinə getsək, transterlərdədir.
10 oyundur qələbəyə həsrətsinizsə, deməli, siz də 10 milyonlar xərcləməlisiniz!
Simiclik etməyin, "Böyük şəhərin tək komandası" deyib, BÖYÜK ŞƏHƏRə minnət vurmayın.
BÖYÜK ŞƏHƏRİN BÖYÜK KOMANDASI olmalıdır!
BÖYÜK ŞƏHƏRin adına layiq klub yaradın!