
"Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra mətbuat konfransı keçirib. Sportnet.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...
- Oyunumuzu izləməyə gələn və gəlməyən bütün azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bizi yaxşı dəstəklədilər, sağ olsunlar. Eyni zamanda, son iki matçımızda stadiona baxan uşaqlara minnətdaram. Həddindən artıq əziyyət çəkdilər. Bizim məşq meydanlarımızı da təmizləyib komandamıza şərait yaradan insanlar var ki, eyni ailənin üzvləridirlər. Hər birinə təşəkkür edirəm. Allah əziyyətlərini yerdə qoymasın, sağ olsunlar. Elə insanlar var ki, onlar kölgədə qalır, lakin əziyyətləri böyükdür. Fürsət düşdükcə, onların adlarını çəkməliyik.
- Ələ düşən imkanları qola çevirməkdən başqa "Kəpəz"i hansı komponentlərdə keçdiyinizi düşünürsünüz?
- İlk oyundan sonra komandanın özünü hazırlamaq təhlükəli və önəmli idi. Rahatlıq amilini aradan qaldırmaq lazım idi. Uşaqlar ilk dəqiqələrdən oyuna mərhələ keçmək niyyəti ilə çıxdıqlarını göstərdilər. Qarşılaşma barədə danışmaq çox çətindir. Futbolçular qarlı havada topla hərəkət zamanı əziyyət çəkirdilər. Bunlar aydın məsələlərdir. Amma bu cür oyunlarda xarakter də önə çıxır. Yəni, vuruşmalısan, qol buraxmamaq üçün həddindən artıq konsentrasiya ilə oyuna çıxmalısan. Bunları da futbolçularım etdilər, sağ olsunlar. Düzdür, paltardəyişmə otağında onlara təşəkkür edə bilmədim. Çünki tez geyinərək, təlim-məşq bazamıza getmələrinə dair tapşırıq verdik. Bəlkə də ilk oyunda cütün taleyi həll olunmuşdu. Buna baxmayaraq, xarakter göstərərək, oyunda qalmaq çox önəmli idi. Bunu da bacardılar.
- Yarımfinalda "Sabah"la qarşılaşacaqsınız. Final şanslarınızı necə dəyərləndirirsiniz?
- Bizim kimi, "Sabah" da kuboka köklənib. Bu, rəqib komandanın baş məşqçisi Vasili Berezutskinin açıqlamalarından da görünür. Həddindən artıq çətin olacaq. Martın 22-dən sonra bizi hansı oyunların gözlədiyini bilmirdim. Yəni, biz hər həftəsonu oynayacağımız matçlara köklənirik. Hər şeyin başlanğıcı əziyyətdir, çünki nələrisə qurmağa çalışırsan. Oyunumuzu nə qədər tez ortaya qoya, adımızı geri qaytara bilsək, bu, bizim xeyrimizə olacaq. Bu il nə mümkündürsə, qoparmaq istəyirik. Həm kuboka, həm də çempionata köklənmişik. Bacardığımız qədər yaxşı oynayacaq, pis çıxış etdiyimiz matçlarda da xal toplamağa, mayın sonlarınadək ayaqda qalmağa çalışacağıq. Belə də davam edəcəyik.
- Hakimliklə bağlı nə deyə bilərsiniz?
- Uzun müddətdir, hətta əvvəlki komandalarımda da referilər barədə danışmaq istəmirdim. Amma son vaxtlar verilən qərarlar, bizim oyunlarda baş verən hadisələr, açığı, məni bir qədər narahat etməyə başlayır. Bugünkü oyun futbolçular qədər hakimlər üçün də çox çətin idi. Gözlərinə qar vura-vura, qaça-qaça bütün meydanı görmək həddindən artıq ağır idi. Bunları başa düşürəm. Amma elə epizodlar var ki, bunlar televiziya verilişlərində dəfələrlə vurğulanıb. Hətta hakimlər bizə seminar keçəndə də bunları qeyd ediblər. Hər bir epizoda kitabda yazıldığı kimi yanaşmaq olmur. Hər şeyi dərk edərək analiz apardıqdan sonra həmin situasiya barədə qərar vermək lazımdır.
- 61-ci dəqiqədə Bassala Sambuya göstərilən qırmızı vərəqəyə münasibətiniz necədir?
- O qırmızı vərəqəyə həddindən artıq etiraz etdim və edirəm. Top bizim oyunçudadır, hava qarlı, yer sürüşkəndir, aqressiya, top uğrunda mübarizə yoxdur. Ötürmə etdiyi vaxt ayağı rəqibin ayağına dəyir. Onun ayağı ilə sənin ayağın arasındakı məsafə xeyli qısadır, şiddət də yoxdur. Bəlkə kimlər üçünsə var imiş. Ey hakimlər, belə hallarda VAR-a baxa-baxa düşünməyə vaxtınız da var idi. Üstəlik, sarı vərəqəni də artıq göstərmisən. Düşünürəm ki, orada "qırmızı"lıq bir şey yox idi. Mən buna etiraz edirəm. Bir az diqqətli olmaq lazımdır. Bu, başqa cür anlaşıla bilər. Bəzi epizodları qabağımıza qoyub "Sizin də xeyrinizə qərarlar verilib" deyə bilərlər. Məsələn, "Sumqayıt"la Premyer Liqadakı ötən oyunumuzda qapımıza penalti verilməli olduğunu söyləyirlər. Amma mən o cür epizodları nəzərdə tutmuram. Referilərin düşdükləri belə situasiyalarda kitabla yox, vəziyyətə uyğun qərar vermələrini istəyirəm. Mən həmişə bunun tərəfdarı olmuşam. Ona görə də düşünürəm ki, bu gün futbolçumuza göstərilən qırmızı vərəqə həddindən artıq ağır idi və düzgün deyildi.
- Referinin epizodu VAR-da dəyərləndirmək üçün kifayət qədər vaxtı oldu. Elə isə verdiyi qərar qərəzdir, yoxsa hakim səhvi?
- Bu, qərəz yox, özünü sığortalamaqdır. Hər halda baş hakim kitabı açacaq və orada buna bənzər epizodların olduğunu görəcək. Yol polisi saxlayıb qaydalara baxdığı kimi, o kitabda da bəlkə bu cür epizodların olduğu görüləcək. Amma mən deyirəm ki, ümumiyyətlə, bu VAR-ı rədd etmək lazımdır. Mən deyirəm! Bilmirəm, Rəşad Əhmədov futbol oynayıbmı? Bu da önəmli deyil. Burada qərarı düşdüyün situasiyaya görə verməlisən. Top mənim ayağımda olduğu vaxt ötürmə verirəm. Bu zaman ayağım sürüşür və gəlib sənin ayağına dəyir. Şiddətim yox, qərəzim yox, fikrim yalnız qol vurmaqdır. Burada "qırmızı"dan ümumiyyətlə danışmaq olmaz. Nə qədər səni VAR çağırsa da, analiz etmək üçün vaxtın var. Analiz etsəydin və o epizoda baxsaydın, sarı vərəqə ilə bu söhbəti bağlamalı idin. Bunun başqa izahı yoxdur. Dediklərim bəlkə ağır çıxacaq, bunu ümumiyyətlə demək istəmirəm. Sadəcə, bir az məntiqlə düşünmək lazım idi. "Bir az məntiqlə düşün" dedim, ona görə sarı vərəqə aldım. Qayda da belədir: referiyə etiraz etdinsə, bu, sarı vərəqədir. Məntiqlə düşünsəydi, qırmızı vərəqə artıq idi. Qərəzdirmi, yaxud kiməsə, gələcək oyunlara görə olunubsa, mən bunu deyə bilmərəm və bu barədə ümumiyyətlə, danışmaq istəmirəm.
- Apellyasiya verəcəksiniz?
- AFFA İntizam Komitəsinin hansı qərarı verəcəyinə baxacağıq. O qədər olub ki, qərarlar dəyişilib və ya yeni qərar qəbul olunub. Ümid edirəm ki, epizoda baxan insanlar bu situasiyanı, qarı görəcəklər və belə epizodları bir qədər incələyəcəklər. O zaman bizim apellyasiya verməyimizə lüzum da qalmaz. Məsələ də beləcə bitər.
- "Neftçi"ni çempion etdiyiniz 2020/2021 mövsümündə komandanızda çətin vəziyyətlərdə önə çıxmağı bacaran Yusuf Laval, Sabir Buqrin, Stiven Jozef-Monroz kimi oyunçularınız var idi. Bu gün isə bu cür fərdi ustalığa malik oyunçularınız yoxdur. Sizcə, niyə? Yayda bu cür oyunçular görə biləcəyikmi?
- Mənim cavab verməyim üçün çox çətin sualdır. Çünki məndən əvvəl başqa məşqçi olub. Onun da futbola öz baxışı, öz istəyi olub. Onun baxışlarına uyğun futbolçular yığılıb. O cür oyunçuların alınıb-alınmadığını deyə bilmərəm. Hazırda heyətimizdəki futbolçuların pis olduqlarını demək istəmirəm. Dediyiniz komandadakı oyunçular yaxşı idilər. Əlbəttə, yayda dəyişikliklər olacaq, mən olsam da, olmasam da futbolçular öz oyun üslublarını götürəcəklər. Elə mövqelər var ki, orada başqa tipdə futbolçular görməyi xoşlayıram. Bunu indiyədək rəhbərlik etdiyim komandalarda da görmüsünüz. Bəli, bu gün həmin futbolçular yoxdur. Lakin mənim üçün böyük problem deyil. Əlimizdəki oyunçularla öz xeyrimizə nəyi bacarırıqsa, onu ortaya çıxarmağa çalışacağam.
Həşim MƏMMƏDOV