
“Region Liqasından başlamaq üçün gərək klubu maliyyələşdirən qurum olsun. Mübariz Mənsimovla danışığımız oldu, dedi, mənim bir komandam var, o da “Xəzər Lənkəran”dır və bu klubun fəaliyyətini bərpa edəcəm”.
Sportnet.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Xəzər Lənkəran”ın icraçı direktoru Höccət Hacıyev deyib.
Sabiq klub rəsmisi Lənkəran təmsilçisinin fəaliyyətini Region Liqasında bərpa etməməsinin səbəbini belə izah edib: “Ümidimiz, “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa etməyədir, belə bir fikir var. Sadəcə, hələ heç nə deyilməyib. Amma reallıqda yenilik yoxdur. Bunun gerçəkləşməsinə nəyin maneə olduğu mənim üçün də qaranlıqdır. Müəyyən səbəblər varsa da, biz bilmirik. Maliyyə məsələsi var ki, o yoxdursa, necə həvəskar şəkildə başlaya bilərik? Futbolçular da gəlib heç nəsiz oynamaz. Hər kəs indi maddiyyatı fikirləşir”.
H.Hacıyev "Xəzər Lənkəran" Mərkəzi stadionunun durumundan da söz açıb: “10 ildir futbolsuz qalmışıq. Halbuki bu dövrlər ərzində nə qədər futbolçu yetişərdi. 10 il fəaliyyət göstərdik, milli komandaya iki futbolçu verdik ki, bu da böyük nəticədir. Stadion necə qoyulubsa, elə də qalıb. Hazırda bağlıdır. Ot örtüyü II Liqa üçün uyğun olsa da, peşəkar Liqa üçün əlverişsizdir”.
Qeyd edək ki, 2015/2016 mövsümünün yekununda "Xəzər Lənkəran" klubu bəyanat yayaraq Azərbaycan çempionatlarında iştirakının dayandırılması, buna baxmayaraq, aşağı yaş qrupları üzrə komandanın fəaliyyət göstərəcəyini açıqlayıb. Lakin ötən mövsümün sonlarına yaxın Lənkəran stadionun təmirə bağlanacağına və “Xəzər Lənkəran”ın geri qayıdacağına dair şayiələr yayılsa da, bu, söz olaraq qalıb.