
"Neftçi" klubunun futbolçusu Emin Mahmudov zədələnib.
Sportnet.az xəbər verir ki, bu barədə Teleqraf-a 33 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
O bildirib ki, Azərbaycan Premyer Liqasında XXVI turun "Turan Tovuz"la oyunundan öncə son məşqdə baldır nahiyəsindən ağrılar hiss edib. Zədənin ciddilik dərəcəsinə MRT müayinəsindən sonra aydınlıq gələcək.
"Səbail"ə qarşı növbəti tur matçını buraxacağını deyən Mahmudov Azərbaycan millisinin Haiti və Belarus yığmaları ilə yoldaşlıq görüşlərində iştirakının da sual altında olduğunu açıqlayıb: "Bu, əvvəllər aldığım zədənin təkrarı deyil. Baldır nahiyəmdə ağrılarım var. Hər şey bərpa prosesindən asılı olacaq. Milliyə dəvət alıb-almayacağım hələ bilinmir. Çağırılsam, əlbəttə, istərdim ki, 15-ci qolu vurum".
Hazırda Azərbaycan millisinin bombardirləri siyahısına 14 qolla Emin Mahmudov və Qurban Qurbanov başçılıq edir. Lakin Qurbanov hazırda "Qarabağ"ın baş məşqçisi olduğundan, Mahmudovun vahid liderliyə yüksəlmə şansları var.
Təcrübəli futbolçu "Kəpəz"ə qarşı XXV tur qarşılaşmasında "Neftçi"nin heyətində 200-cü oyununu keçirib. O, yubiley matçına çıxdığına görə qürurlu, 0:1 hesablı məğlubiyyət səbəbindən isə məyus olduğunu bildirib.
Qeyd edək ki, "Kəpəz"lə səfər oyunundan 0:1 hesablı məğlubiyyətlə ayrılan "Neftçi" "Turan Tovuz"la matçda qələbəni əldən verib - 1:1.