
"Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının sədri, "Azərikimya" İB-nin baş direktoru Elnur Məmmədlinin atası alim, folklorşünas Elxan Məmmədli dünyasını dəyişib.
Sportnet.az xəbər verir ki, o, 79 yaşında ikən uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Elxan Məmmədli Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinin müdiri olub.
Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. O, bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-79) işləyib və 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilib.
1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli həmin ildən böyük elmi işçi kimi Folklor Elmi-Mədəni Mərkəzinə köçürülüb. 1998-ci ildə "Azərbaycan aşıq yaradıcılığında təcnis" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1969-2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında "Bulaq", "Ustadnamə", "Sazın-sözün sehrində", "Gözəlləmə" və "Sarıtel" verilişlərinin müəllifi və aparıcısı olub.
1999-cu ildən AMEA-nın Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri idi.
2008-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb
.
Allah rəhmət eləsin!