
"Ən böyük arzumuz azarkeşləri sevindirmək idi, amma olmadı".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Özan Can Kökçü Belarus yığmasına 0:2 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra deyib.
27 yaşlı yarımmüdafiəçi qarşılaşmada rəqibin üstün olmadığını bildirib: "Komanda olaraq, çox da pis deyildik. Təəssüflər olsun ki, yenə məğlub olduq. Belarus millisinin bizdən üstün oynadığını, şansımızın olmadığını deyə bilmərəm. Matçı yenidən izləyəcəyəm. Birinci qola qədər və sonra da oyunun içində idik. Oyunu öz xeyrimizə çevirmək üçün əlimizdən gələni etdiyimizə inanıram. Amma diqqətli olmaq lazımdır. Ardıcıl məğlubiyyətlər komandaya neqativ təsir edir. Bu gün pozitiv hazırlaşırdıq ki, son oyunlardaki nəticəni düzəldək. Təəssüflər olsun ki, yenə də olmadı. Sona qədər çalışmaq lazımdır, təslim olmaq yoxdur".
Finlandiyanın HİK klubunun şərəfini qoruyan futbolçu milli komandanın uğursuzluq zolağından çıxacağına inandığını vurğulayıb: "Ən önəmlisi, bərabər olmalıyıq. Bu yola birgə çıxmışıq və əlimizdən gələnin daha artığını Azərbaycan üçün etməliyik. Bunu bacaracağımıza inanıram. Əlbəttə, hər zaman pis olmayacaq, bir yerdə bu düzəlməlidir və bunu bizim özümüz etməliyik. Bunun fərqindəyik".
Kökcü Azərbaycan milli komandasının növbəti matçları barədə bunu deyib: "Hər oyun çətin olacaq, növbəti oyunlarda da vuruşmaq lazımdır. Rəqib komandalar keyfiyyətcə bizdən üstün ola bilərlər, amma qəlblə oynamalı, can qoymalıyıq".
O, məğlubiyyətdən sonra komandanın psixoloji durumunu şərh edib: "Bu cür məğlubiyyətdən sonra hər bir futbolçu özünü pis hiss edər. Bu oyundaki ən böyük arzumuz azarkeşləri sevindirmək idi, amma yenə olmadı. Onlara yenə borclu qaldıq".
Kökcü müdafiədəki boşluqlar və hücumda bitiriciliyin olmamasının səbəbi barədə suala cavab verməyi doğru hesab etməyib.
Qeyd edək ki, Ozan Can Kökcü Belarus yığmasına qarşı 90 dəqiqə forma geyinib.
Haşım MƏMMƏDOV