
Elşən MƏMMƏDOV
TURAN adında bir müqəddəslik, tarixi köklərə bağlılıq, qalib ruhu və döyüşkənlik rəmzi var.
TURAN - bir ideologiyadır. Türkçülük ideologiyası.
Və bu ideologiyanın milyonların sevimlisi olan futbolçular vasitəsilə yayılması daha məntiqli, tamamlayıcı olardı.
TURAN - Azərbaycanın ilk peşəkar futbol klubunun, ölkəni avrokuboklarda təmsil edən ilk komandanın adıdır.
Belə adı daşıyan klub daim uğurlu fəaliyyəti, uğurlu layihələri ilə seçilməlidir.
Martın 28-də "Turan Tovuz"un "Turan"a döyüşünün əsası qoyuldu. Əsas komanda üçün açılışı edilən binaya "Turan" adı verilib.
Təntənəli açılış mərasiminin davamı "Turan Tovuz"un "Qarabağ"la oyununda gəldi. Meydan sahibləri bu mövsüm ilk dəfə Azərbaycan Premyer Liqasının liderinə uduzsa da, Tovuz şəhər stadionu möhtəşəmliyi ilə göz oxşadı.
Tovuz şəhər stadionunun xüsusi görkəmi yoxdur, örtüyünü də, sağ olsun əziyyət çəkənlər, çevirib ediblər süni. Amma bu süniliyə təbiilik qatanlar klubun möhtəşəm aArkeşləridir. Baxın bu fotolara, görün, yerdən göyə necə nur saçır, göydən yerə necə gözəllik yağır!
Ötən gün sosial şəbəkədə işıqlı şəhər fonunda bir stadionun fotosu paylaşılmışdı. Stadion, söz yox, gözəl idi. Amma şəhərin işıqlı mənzərəsi o möhtəşəm arenanı "yeyirdi".
Tovuzdakı stadionun işıqları isə təkcə meydançaya yox, bütövlükdə şəhərə nur saçır.
Bilgə xaqanın məşhur kəlamı var: "Ey türk, özünə qayıt. Sən özünə qayıdanda böyük olursan!"
"Turan" adı da tezliklə bu klubun özünə qayıdacaq və təkcə Tovuzun yox, türk dünyasının flaqmanına çevriləcək!
Bu adda klub yalnız Azərbaycanda və Qazaxıstanda deyil, bütün türk dünyasında olacaq və hər biri uğurları ilə adından söz etdirəcək!