
"Kəpəz" azarkeşləri komandanın Azərbaycan Premyer Liqasının XXVIII turunda "Səbail"i məğlub edə bilməmələrindən narazı qalıb.
Sportnet.az-ın oyuna ezam olunmuş əməkdaşı xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilmiş oyun zamanı klubu dəstəkləyən azarkeş qruplarından birinin üzvü biri tribunadan sərt formada etirazını səsləndirib.
Polislərin müdaxiləsindən sonra o, yerli polis şöbəsinə aparılıb.
"Xəmsə" fan-klubunun rəhbəri Müşfiq Məmmədov Sportnet.az-a açıqlamasında bildirib ki, "Kəpəz"in qalib gəlməli olduğu komandanı uda bilməməsi onlarda narazılıq yaradıb: "Biz "Qarabağ" kimi komandadan xal alırıq, "Neftçi", "Sabah", "Turan Tovuz"u uduruq, amma "Səbail"lə oyunda xal itiririk. Bu da insana təsir edir. Aqressiya da buna görə idi. Qalib gəlməli olduğumuz oyunlardan xal itiririk".
Məmmədovun onun sözlərinə görə, etirazını sərt formada bildirən azarkeş başqa fan-klubun üzvüdür: "Oyundan sonra polis şöbəsinə getdik. Saxlanılan azarkeşi şöbədən gecə çıxardıq. Asayişi pozması və oturacağı sındırması səbəbindən onu 35 manat manat cərimələdilər. Adını açıqlamağı məqsədəuyğun saymırıq".
Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda "Kəpəz" 10 komanda arasında 24 xalla 9-cu, "Səbail" 19 xalla sonuncu yerdə gedir.
Haşım MƏMMƏDOV