
"Neftçi"nin futbolçusu Yuri Matias evdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra Teleqraf-a müsahibə verib.
Sportnet.az xəbər verir ki, braziliyalı müdafiəçi komandasının çempionat və ölkə kubokundakı şanslarını dəyərləndirib:
- “Araz-Naxçıvan”a qarşı oyunlarınız nə üçün belə gərgin olur: Bu rəqibi məğlub edə bilməməyinizin səbəbi nədir?
- Çətin oyun oldu. “Araz- Naxçıvan”a qarşı bütün oyunlarımız həmişə belə alınır. Nəyə görəsə bu rəqibə qarşı öz futbolumuzu sərgiləyə bilmirik. Bu dəfə də istədiyimiz kimi alınmadı. İkinci hisədə oyun çətinləşdi. Hesab bərəbarləşdikdən sonra nə isə alınmadı, demək olar ki, futbol oynamadıq. Özümüz işimizi çətinləşdirdik.
- “Neftçi” 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- Təbii ki, 2 xal itirdik. Evdə oynayırdıq, qələbə qazanmalı idik. Azarkeşlərimiz önündə mütləq qələbə qazanmalı idik. Amma bacarmadıq.
- İkinci hisssənin sonunda meydanda olan gərginlik nə ilə əlaqədar idi?
- Görmədim.
- “Neftçi”nin oyununu düzəltməsi üçün milli fasilə də faydalı olmadı...
- Hər kəs kimi biz də qələbə gözləyirdik. Futbol arzu ilə deyil, gərək oynayıb qələbə qazanasan.
- Kubokda bu cür oyunla mərhələ keçəcəyinizə inanırsınız?
- Əlbəttə, bizim üçün ən vacib oyundur. Avrokuboklara getmək üçün ən asan yol kubokdur. Amma “Neftçi”dəsənsə, hər oyuna final kimi yanaşmalısan. Çünki təkcə “Neftçi”ni deyil, çox insanı təmsil edirsən. Burada oynamaq həm də azarkeşlər üçün oynamaq deməkdir.
- “Sabah”ı keçsəniz, finalda “Araz-Naxçıvan” ya da “Qarabağ”la qarşılaşacaqsınız. Lakin bu komandalardan heç birini cari mövsüm ərzində məğlub edə bilməmisiniz...
- Rəqiblərimizin gücü bizə bəllidir. Hər çətinliyə özümüzü hazırlaşdırmışıq. Amma bilirik ki, kubok bizə olduqca vacibdir. Məsuliyyəti dərk edirik. Buna görə də rəqib seçmirik. Sona qədər əlimizdən gələni edəcəyik.
- Azarkeşlərə söz verirsinizmi?
- Buradan üzümü azarkeşlərə tutub bildirirəm ki, son ana qədər vuruşacağıq. “Neftçi”ni layiq olduğu yerə daşımaq üçün əlimizdən gələni edəcəyik. Bizi heç vaxt tək buraxmadıqları üçün azarkeşlərimizə təşəkkür edirəm. Yaxşı günümüzdə də, pis günümüzdə də stadiondan bizə dəstək verirlər. Fanatlarımız yaxşı yerlərə layiqdirlər. İnanıram ki, bu sevinci onlara yaşadacağıq.