
“Səbail” komandasının futbolçusu Marko Nikoliç Azərbaycan Premyer Liqasının XXIX turunda evdə “Turan Tovuz”la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra Sportnet.az-a müsahibə verib.
27 yaşlı serbiyalı müdafiəçi həm sözügedən oyunla bağlı, həm də digər sualları cavablandırıb:
- “Turan Tovuz” cari mövsümün əvvəlki 3 görüşündə "Səbail"ə qol vura bilmişdi. Arzuolunmaz gedişatın qarşısını almaq üçün hansı tədbirləri görmüşdünüz?
- Çətin oyunun olacağını bilirdik. Həftə ərzində yaxşı məşq etmişdik. Məşqdə başa düşmüşdük ki, "Turan Tovuz" kimi güclü rəqibə qarşı müəyyən məqamlarda diqqətli olmalıyıq. Rəqib kornerlərdə güclü idi, adətən qolları da belə vururdular. Fikrimcə, yaxşı hazırlaşmışdıq. Bundan yaxşısı da ola bilərdi. Hər bir halda meydanda yaxşı mübarizə apardıq, daha yaxşı olmağa çalışdıq. İstəyimiz xal qazanmaqdır. Ruhdan düşmürük, yenə mübarizə aparacağıq.
- İlk "dördlük"də qərarlaşan komanda ilə heç-heçə etməyiniz sizin daha aqressivləşməyiniz, yoxsa rəqibin zəifləməsinə görədir?
- Ötən oyunda da hiss etmişdik ki, onları uda bilərik. Yəni, fərq etmir. Razıyam, “Turan Tovuz” yaxşı komandadır. Amma həmişə xal qazanmaq olar. Bizim üçün fərq etmir: daha yaxşı komanda və ya pis komandaya qarşı oynayaq. İndi bizə vacib olan xal qazanmaqdır.
- Yavaş-yavaş aşağı liqaya addımlamaq, psixoloji gərginlik yaradırmı?
- Bəli, hamıya təsir edir. "Hər oyunda yüz faiz məsuliyyətli olmalıyıq" deyirik. Kiçik səhv etməyə belə, haqqımız yoxdur. Hər səhv bizim üçün çox pis nəticələnə bilər. İtirəcək vaxtımız yoxdur. Taktiki olaraq yaxşı hazırlaşırıq. Məşqçilər, bütün kollektiv bizə inanır. Bir ailə kimiyik.
- “Səbail” ard-arda xallar toplamalıdır ki, elitada qalsın. Bunu növbəti 7 turda bacaracağınıza nikbin yanaşırsınız?
- Təbii ki, özümüzə inanırıq, xallar qazana bilərik. Bunun üçün çalışacağıq. Hər şey ola bilər. Mövsümün əvvəlində belə olacağını düşünməzdik. Amma hər şeyi toparlamaq üçün hələ vaxtımız var.
- Komandanız I Liqaya düşəcəyi halda, “Səbail”də qalmağı düşünürsünüz?
- Hələlik bilinmir. Həm də bura mənim üçün yaxşıdır. Bəzi səbəblər var. Bu komandaya öyrəşmişəm, bu insanlara, Bakıya alışmışam, mənim üçün çox çətin olacaq. Çünki düşünürdüm ki, komandamız elitada qalacaq, digər komandalardan biri düşəcək. İndi də dəqiq heç nə bilinmir. Hər bir halda qərarımı sonda verəcəyəm. İnanıram ki, hər şey yaxşı olacaq.
- Cavid Hüseynovun gedişindən sonra Elvin Məmmədov komandada nəyi dəyişdi?
- Çox şeyi dəyişib. Taktiki gedişlərimiz daha yaxşıdır, 5-li müdafiə sistemi ilə oynayırıq. Elvin müəllim bizə daha çox topla oynamağı, rəqibdən qorxmamağı tapşırıb. İndi biz onu tanıyırıq deyə, öyrənməyimiz daha asandır. Elə millinin oyunları zamanı yaranan fasilə də məşqçimizi tanımaq üçün yaxşı fürsət oldu. Hər şeyi rahatlıqla öyrəndik. Taktikasını, məşqlərini və bizdən nə tələb etdiyini başa düşdük. İnanıram ki, bir olub, bu vəziyyətdən çıxacağıq.