
UEFA Avropa Liqasında bu gün keçirilməli olan 1/4 final mərhələsinin ilk oyunlarının CBC Sport telekanalı vasitəsilə canlı yayımlanması texniki səbəblərdən mümkün olmayacaq.
Sportnet.az xəbər verir ki, bu barədə telekanalın yaydığı bəyanatda bildirilir.
"CBC Sport" özündən asılı olmayan səbəblərə, texniki məsələlərlə bağlı ortaya çıxan problemin həlli üçün lazımi işlərin görülməsinə baxmayaraq, həll etməyin mümkün olmadığını açıqlayıb: "Fəaliyyət göstərdiyimiz bu 9 il ərzində efirimizdə canlı yayımlamağı planlaşdırdığımız idman yarışlarının verilməsində ciddi problem olmayıb. Avrokubok görüşləri zamanı isə ümumiyyətlə belə bir hadisə yaşanmayıb və daim avrokubok matçları yüksək səviyyədə sizlərə təqdim edilib. Televiziyalarda texniki məsələlər səbəbindən bu cür halların - müəyyən yayımların baş tutmaması halları dünya praktikasında da zaman-zaman yaşanır. Nə qədər arzuolunmaz olsa da, bəzən yaşanan bu halların qarşısını texniki səbəblərə görə almaq olmur".
Telekanal özündən asılı olmayan səbəblərdən oyunların canlı yayımının baş tutmaması ilə əlaqədar üzr istəyib: "Bizi anlayışla qarşılamağınıza ümid edirik və çalışacağıq ki, bir daha belə hadisə yaşanmasın".