
"Elvin Camalov məsələsi ilə bağlı "Neftçi" rəhbərliyi ilə daimi əlaqədəyik. Rəsmi bəyanatımızda hər şey aydın yazılıb. Bizim yanaşmamızı orada görə bilərsiniz".
Bunu Sportnet.az-a açıqlamasında "Sabah" klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov deyib.
44 yaşlı funksioner "Sabah"da uğursuzluqların olduğunu etiraf edib: "Amma bizim baş məşqçi Vasili Berezutski ilə müqaviləmiz var. Onunla davam edirik. Mövsümün sonunda oturub danışacağıq. Nəticədən narazıyıq, məşqçidən yox".
Adıgözəlov ötən mövsüm "Neftçi"də çıxış edən Eddi İsrafilovla danışıqlar apardıqlarını təsdiqləyib: "Eddi İsrafilovun "Neftçi" ilə müqaviləsi bitirdi. Reqlamentə uyğun olaraq futbolçunun müqaviləsinin bitməsinə 6 ay qaldığı zaman istənilən klub onunla danışıqlar apara bilər. İsrafilovu isə bizə agenti təklif etmişdi. Onunla yanvar ayından danışıqlar aparırdıq.
Mövsümün sonlarında "Neftçi" ilə vacib oyunumuz öncəsi isə Eddi İsrafilova danışıqları dayandırdığımızı bildirdik".
O, "Sabah"ın futbolçusu Cessi Sekidikanın klubla 3 illik müqaviləsinin olduğunu bildirib: "Hər hansı futbolçunun müqaviləsi ilə bağlı məsələlərdə həmişə "Neftçi" nümayəndəsi bizə müraciət edib, biz də eynisini etmişik. Hamımız nə isə bilirik, eşidirik, agentlər təkliflər edir. Amma biz birbaşa klubdan məlumat almağa üstünlük veririk".
"Sabah"ın prezidenti komandada tez-tez məşqçi dəyişikliyini belə şərh edib: "Uğurun formulası yoxdur, biz də uğurlu olmaq, inkişaf etmək istəyirik. Həmin yolun axtarışındayıq. Bunun üçün nə isə dəyişmək lazımdırsa, bunu edəcəyik".
Maqsud Adıgözəlov Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Neftçi" ilə ilk oyununun baş hakim Əliyar Ağayevin kobud səhvi barədə danışıb: "Əliyar Ağayevə böyük hörmətim var. 7 ildir futboldayam, amma bir dəfə də olsun onunla dialoqum olmayıb.
"Neftçi" ilə oyundan sonra heç soyunub-geyinmə otağına düşməmişəm. Heç kimi də görməmişəm".
O, FIFA referisinin iki turdur təyinat almadığını mətbuatdan öyrəndiyini vurğulayıb: "De Blekerə iradımızı bildirmişik amma Əliyar Ağayevi şikayət etməmişik. Burada əsas məsələ VAR-la bağlıdır.
Ağayev meydançadadır, epizodu görməyə bilər. Başa düşmürəm ki, siravi izləyici bunu televizorda görə bilir, amma VAR hakimi və assistenti öz avadanlıqlarının çəkdiyi epizodu görmür. Oyun artıq bitib. Öz müraciətimizi AFFA-ya bildirmişik".
Adıgözəlov 2025/26 mövsümündən Azərbaycan Premyer Liqasında legioner limitinin olmamasının müsbət və mənfi tərəfləri barədə danışıb:
"Azərbaycanda 1 ya 2, ola bilsin 3 akademiya var. "Sabah" futbol klubunun Azərbaycan səviyyəsində normal akademiyası var. Keçən ilki və cari mövsümdəki U-19 komandamızın, əvəzedici komandanın və U-17-nin nəticələri var. Buna 7 il öncə başlamışıq və bəhrələrini artıq görürük.
2-3 il sonra isə bu futbolçular əsas komandaya yüksələcəklər. Bu prizmadan baxarsaq limitin ləğvi bizə ziyandır. AFFA İcraiyyə Komitəsinin üzvü kimi legioner limitinin ləğvinin Azərbaycan futbolunun inkişafı üçün yaxşı seçim olduğunu deyirəm.
"Sabah" klubunun prezidenti kimi izah etsəm, limitinin qalmasının xeyirli olacağını deyərdim. Bizim futbolçular başqa klublarda icarədədirlər. Heç kim deyə bilməz ki, limitin ləğvi "Sabah" klubu üçündür. Mənim fikirlərimlə qərarlar verilmir, İcraiyyə Komitəsi var".