
"Əldə olunan nəticələr böyükdür. Amma daha çoxuna nail olmaq istərdik".
Teleqraf xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
Nəcəfin sözlərinə görə, müəyyən məqsədlərə çatmaq üçün kadr islahatları aparılmalıdır: "Bu, kiminsə vəzifəyə gəlməsi və getməsi deyil.
Bütün ekosistemlər üzərində işləməliyik. Bütün sahələrdə kadrların yetişdirilməsi üzərində işləməliyik. Futbol sahəsində çalışan insan kapitalı yeni keyfiyyətə çatmalıdır.
Yeni tərəfdaşlara, kadrlara qapılarımız açıqdır. Bu, təbii prosesdir. Hər hansı kütləvi dəyişiklikdən söhbət gedə bilməz. Kimsə gedə, kimsə gedə bilər".
Baş katib Cahangir Fərəcullayev isə artıq bu gündən kadr islahatlarına başlanılacağını açıqlayıb.
AFFA prezidenti strategiyanı həyata keçirmək üçün külli miqdarda vəsaitə ehtiyac duyduqlarını söyləyib:
"Maliyyə dayanıqlığı üçün özəl sektoru cəlb etməliyik.
AFFA və dövlət hesabına istədiklərimizi həyata keçirmək çətin olacaq. Gəlirin əsas hissəsini özəl sektordan, klubların atribut satışından, oyun günü tədbirlərindən əldə etmək olar. Bunun üçün ekosistemin dayanıqlı inkişafını təmin etməliyik".
Nəcəf Premyer Liqaya yüksələcək klublara problemlərini həll etmək üçün bir il möhlətin veriləcəyini söyləyib: "Regionlardan olan klubların ev oyunlarını öz rayonlarında oynamalarını istərdik. "Turan Tovuz" və "Kəpəz"də dəyişikliklər baş verib. Özəl tərəfdaşlar var, sadəcə, vəzifəmiz onlara şərait yaratmaqdır".