
“Qol epizodlarına heç də az girmədik. İstər-istəməz oyuna sonradan qoşulmaq asan deyil. Soyuq havada futbolçu bir az da ağır olur. Böyük hesab da var idi. Oyunçularımız çox istəkli idilər, dinamikanı daha da artırdılar".
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə “Səbail”i 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis qələbə münasibətilə futbolçularını təbrik edib: “Hesabda öndə olsaq da, sona qədər oyununu tempini, dinamikasını qoruyub-saxladılar. Qapımızda qol gördük. Bu da rəqibin futbolçusunun ustalığı idi. Azarkeşlərə təşəkkür edirəm, daim komandanı oyuna səslədilər. Elvin Məmmədova da uğurlar arzulayıram”.
Baş məşqçi “Neftçi” ilə oyuna ciddi hazırlaşacaqlarını bildirib: “Yanvardan bəri, hətta son vaxtlar özüm hazırlıq proqramımızdan şikayətçi idim. Çünki normal məşq üçün vaxtımız yox idi. 4-5 gündən bir oyun oynayırdıq. 8 günlük hazırlıq bizim üçün çox faydalı olacaq. Futbolçular istirahət edəcək, çatışmazlıqları da aradan qaldıracağıq".
O, Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Araz-Naxçıvan"a qarşı evdə keçirəcəkləri cavab görüşünə hazırlaşmaq üçün də vaxtlarının olacağını dilə gətirib: "Bu günə qədər məşq ritmini tuta bilmirdik.Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Araz-Naxçıvan"la cavab görüşünə də hazırlaşmağa vaxtımız olacaq. Sıx qrafik olanda rotasiyalar edirik. Nə qədər imkanımız var, çalışacağıq ki, maksimum əsas heyətlə oynayaq. Əvvəlki oyunlarda 5-6 dəyişiklik görürdüksə, qarşıdakı matçlarda bunun sayı az ola bilər. Bu gün qalib gəlirdik, dəyişiklik edə bilirdik. Hər iki turnirə çox ciddi hazırlaşacağıq. Çünki bizi qarşıda avrokubok oyunları gözləyir. O matçlara qədər futbolçuların idman formasının aşağı düşməsinə imkan verməməliyik".
Hücumçu Emmanuel Addainin çıxışından razı olmadığını deyən mütəxəssis müdafiənin mərkəzində Kevin Medinanı yox, Mateus Silvanı oynatmasını braziliyalı müdafiəçinin özünü yaxşı tərəfdən göstərməsi ilə əlaqələndirib.
Qurbanov AFFA İcraiyyə Komitəsinin iclasında üzürlü səbəbdən 4-cü dəfədir iştirak etmədiyini bildirib: “Düzü, qatılmadığım iclasların sayını bilmirdim. Heç bir iclasa icazəsiz getmədiyim vaxt olmayıb. Bir gün əvvəl bildirmişəm. Hər birinə baxsaq, iclaslar oyun günümüzə düşüb. Bu gün komandanın məşqi də oldu. Dünən də bu barədə bildirmişdim. Çempionatda durumumuz yaxşı olsa da, işimizi daim ciddiyə alırıq. Oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Əvvəllər də söhbətim olmuşdu ki, işim asan deyil. Çox istəyərdim ki, hər iclasda iştirak edim. Amma bəzi üzürlü səbəblərə görə orada olmamışam. Qarşılıqlı da bir-birimizi anlamışıq”.
Süni meydanlara öyrəşmədiklərini bildirən baş məşqçi belə meydançada oynamaq istəmədiklərini vurğulayıb: "Rəqibə baxsaq, ən çox zədəlilər "Səbail"də olur. Süni örtükdə oynayan digər komandalarda da həmçinin. Biz hər dövrədə bu cür meydanda 4 komandaya qarşı oynayırıq. Amma ev sahibi məşqlər edir, oyunlara çıxır. Çox istərdim ki, təbii ot örtüyündə məşq edib, oynasınlar".
O, oyuna çox da müdaxilə etməməsini küskünlüklə əlaqələndirməyib: "Mən öz oturacağımda oturmuşdum. Həmişə olduğum yerdəyəm. Heç kimdən küsməmişəm. Nə özümdən, nə də kimdənsə. Sadəcə bəzi oyunlarda yerində sakit oturmaq lazım olur. İşimiz oyunun gedişatına görə özümüzü idarə etməkdir".
Qurbanov Premyer Liqaya 3 klubun yüksəlməsi ilə ödənilən vəsaitdə baş verəcək azalmanın bəzi klublara təsir edəcəyini diqqətə çatdırıb: "Bu, bəzi klublara təsir edəcək. Hansı ki, həmin klubların 500 minə də ehtiyacı var. Bu məbləğ onlar üçün oyunçu deməkdir. Gərək, əlavə sponsorlar tapsınlar. Tapmasalar, hansısa problemlər olacaq. İstərdik ki, daha artıq məbləğ olsun".