
"Kəpəz"in müdafiəçisi Rauf Hüseynlinin Sportnet.az saytına müsahibəsi:
- "Araz-Naxçıvan"la heç-heçə etdiniz. Oyun haqda fikirləriniz necədir?
- Maraqlı oyun oldu, yaxşı mübarizə apardıq. Bir az çətin idi. Düşünürəm ki, ilk hissədə yaxşı oyun sərgiləyə bildik. Bizim də, rəqibin də qol fürsətləri oldu. Yaratdığımız epizodlardan istifadə edə bilmədik. Nəticədə heç-heçə qeydə alındı.
- Sizcə, qələbəyə daha yaxın olan tərəf kim idi?
- Rəqibə baxanda bizim yüz faizli epizodlarımız daha çox oldu. Fərqlənə bilərdik. Amma oyunun ədalətli nəticəsi elə heç-heçə idi.
- Camal Cəfərov 3 epizodu dəyərləndirə bilmədi. Fərqlənmək üçün nə çatmadı?
- Camalın "Səbail"lə oyunda sonradan meydana daxil olub qol vurması yadıma düşür. Hər matçda çox çalışır, əziyyət çəkir. Tək hücumda yox, müdafiədə də komandaya kömək edir. Belə hallar hər futbolçunun başına gələ bilər, tək Camal deyil.
- "Səbail"lə xal fərqi 8-ə yüksəldi. Artıq "Kəpəz"in Premyer Liqada qalmağı təmin etdiyini demək olar?
- Bu, futboldur, hər şey ola bilər. Biz növbəti oyuna köklənirik. Premyer Liqada qalmağı təmin etdiyimizi düşünmürük. Bizi "Şamaxı" ilə çətin oyun gözləyir.
- Növbəti turda qələbə qazansanız, turnir cədvəlində 7-ci pilləyə qalxa bilərsiniz. "Şamaxı" ilə səfər matçından gözləntiləriniz nədir?
- Çətin olacaq. Meydana çıxıb yaxşı mübarizə aparmalıyıq. Hər matçda olduğu kimi Şamaxı səfərində də 3 xal üçün oynayacağıq. Çalışacağıq ki, yaxşı nəticə qazanaq.
- "Kəpəz" 7 oyundur ki, evdə məğlub olmur. Gəncədə oynasaydınız, bu statistika daha da yaxşı ola bilərdi?
- Nəsə demək çətindir. Amma təbii ki, oranın atmosferi tamam başqadır. Bizim üçün daha rahat olardı, stadiona daha çox azarkeş gələrdi. Növbəti mövsümdə artıq öz evimizdə oynayacağıq.
- Təbii örtüklü meydanda məşq edib oyunları süni örtükdə keçirirsiniz. Bu, performansınıza necə təsir edir?
- Meydançanı dəyişəndə zədələr daha çox olur. Bu, qaçılmazdır. Təbii örtükdə oynamaq daha yaxşıdır, nəinki sünidə. Gələn ildən bu problem də həllini tapacaq.
- Oyunun sonlarında zədələndiniz. Durumunuz necədir?
- Müayinədən keçəndən sonra dəqiq bilinəcək. Ayağımda ağrı hiss etdim. Əslində 70-ci dəqiqədən hiss edirdim. Sonradan gördüm ki, dözülməzdir, əvəzlənməyimi istədim.
Haşım MƏMMƏDOV