
"Heç kim istəməzdi ki, sona 6-7 dəqiqə qalmış belə səhv olsun".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov səfərdə "Zirə"yə 1:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra mətbuat konfransında deyib.
36 yaşlı mütəxəssis yaxşı komandaya qarşı mübarizə apardıqlarını bildirib: "Zirə"nin ikinci pillədə elə-belə getmədiyinə şahidlik etdik. "Sumqayıt" da yaxşı oyun nümayiş etdirdi. Futbolçularıma təşəkkür edirəm. Hər iki komanda bu gün futbol oynadı, oyun üslubları bilinirdi. İnanıram ki, bizim komanda "Zirə" kimi klublara qarşı oyunlarda daha da möhkəm olacaq. Növbəti görüşlərdə də belə bir oyun olmasını istəyirəm. "Zirə"yə uğurlar arzu edirəm. Bizim isə çətin matçlarımız var, onlara hazırlaşacağıq".
O, yerli futbolçuların uşaq səhvləri fonunda növbəti mövsüm legioner limitinin ləğv olunması barədə söz açıb: "İkinci hissədə üstünlüyü ələ keçirmişdik. Adi epizodda səhv buraxdıq. Yerli və ya əcnəbi olsun, mənim üçün hamısı eynidir, hamısına güvənirəm. Onlar meydanda nə etmək istədiklərini yaxşı bilirlər. Ümidvaram ki, növbəti oyunlarda belə səhvlərə yol vermərik, daha yaxşı oynayaraq, epizodlarımızı qola çevirərik".