
"Qollar vuraraq, komandama kömək edə bilirəmsə, bu, yaxşı haldır".
Bunu “Şamaxı”nın futbolçusu Alfons Msanqa Azərbaycan Premyer Liqasının XXXI turunda evdə “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Sportnet.az-a açıqlamasında deyib.
22 yaşlı yarımmüdafiəçi istədikləri nəticəni qazandıqlarını bildirib: "Yaxşı oyun oldu. İstədiyimiz nəticə idi. "Kəpəz"lə çox fərqimiz yox idi, bizə çata bilərdilər. Lakin 3 xal qazanaraq, aradakı fərqi daha da artırdıq. Artıq daha yuxarı pillələri düşünə bilərik. Baş məşqçi Ayxan Abbasovun verdiyi tapşırıqlara riayət edərək, sonda istədiyimiz nəticəni aldıq".
Tanzaniyalı oyunçu şəxsi performansı barədə danışıb: "Biz komandamızın qələbəsi üçün oynayırıq. Qollar vuraraq, komandama kömək edə bilirəmsə, bu, yaxşı haldır. Öz performansıma gəldikdə, qələbələr qazanırıqsa və mən də qollar vururamsa, deməli, hər şey yaxşıdır".
O, Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə qarşılaşacaqları "Turan Tovuz"un ciddi rəqib olduğunu söyləyib: "Tovuz səfərinə qısa istirahətdən sonra hazırlıqlara başlayacağıq. Səfər matçıdır, ciddi rəqibdir, yaxşı oyunçuları var. Onlara qarşı layiqli mübarizə aparacağımıza inanıram",
Msanqa "Şamaxı"nın hazırkı durumunu şərh edib: "Turnir cədvəlində hazırda 7-ci yerdəyik. Daha çox işləməli, daha çox irəli getməliyik. Mövsümün sonunda komandamızın daha yaxşı yer tutmasına çalışmalıyıq".
Qeyd edək ki, Alfons Msanqa "Kəpəz"lə matçda "Şamaxı"nın ilk qolunun müəllifi olub.
Həşim MƏMMƏDOV