
"Futbolun içində belə şeylər olur, nəbz qalxır".
Bunu “Şamaxı”nın futbolçusu Cəlal Hüseynov Azərbaycan Premyer Liqasının XXXI turunda evdə “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Sportnet.az-a açıqlamasında deyib.
22 yaşlı müdafiəçi qarşılaşmanın çətin keçdiyini bildirib: "Rəqibimiz turnir cədvəlində bizə yaxın idi. Qələbə qazanmaqla, həm arxadakı rəqiblərimizdən bir az da aralanmaq, həm də yuxarıdakı rəqiblərimizə bir az da yaxınlaşmaq istəyirdik. Sevinirik ki, bunu bacardıq. Yaxşı da oyun getdi. Düzdür, matça yaxşı başlamamışdıq. Amma sonradan oyuna nəzarəti ələ aldıq, qol vurduq. Daha sonra rəqib hesabı bərabərləşdirdi. Məncə, ikinci hissədə maraqlı mübarizə gedirdi, hər iki komanda yaxşı oyun sərgilədi. Onların da epizodları oldu, amma biz daha uğurlu olduq və sonda qələbə qazandıq".
O, matçın 57-ci dəqiqəsində iki komandanın futbolçuları arasında baş vermiş gərginlik barədə danışıb: "Əslində mən mübahisədə iştirak etmədim. Əsəblər gərgin idi. Rəqib komandanı da başa düşmək olar, onlar da qələbə qazanmaq istəyirdilər. Orada "feyr-pley" ilə bağlı müəyyən məsələlər oldu. Azarkeşlər də bir tərəfdən... Normaldır, çox da dərinə getmək lazım deyil. Onsuz da orada olanlar elə orada da qalır".
Hüseynov növbəti tur səfərdə "Turan Tovuz"la keçirəcəkləri matçı dəyərləndirib: "Qarşılaşmalara oyundan-oyuna yanaşırıq. Hər bir matçda qələbə qazanmaq istəyirik. Gələcək görüşdə də həmçinin. Tovuz səfərinə qələbə üçün gedəcəyik. Çətin olacaq. "Turan Tovuz"a da qələbə lazımdır. Biz də bacardığımz qədər yuxarı getmək, xal toplamaq istəyirik. Görək, necə olur".
Qeyd edək ki, aprelin 25-də keçiriləcək "Turan Tovuz" - "Şamaxı" matçı saat 19:00-da başlanacaq.
Haşım MƏMMƏDOV