
"Sabah" klubunun Müşahidə Şurasının üzvü, veteran futbolçu İqor Ponomaryonun Bakının Kürdəxanı qəsəbəsində "Turan Tovuz" klubu üçün salınmış meydançanın açılışında iştirakı birmənalı qarşılanmayıb.
Sportnet.az-ın məlumatına görə, sabiq yarımmüdafiəçinin davranışı "Sabah"ın prezidenti Maqsud Adıgözəlovu özündən çıxarıb.
O, öz klubunun rəhbərliyində təmsil olunan şəxsin digər klubun tədbirinə qatılmasını etik saymayıb. Adıgözəlov xüsusən Ponomaryovun digər veteranlardan fərqli olaraq, "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevlə yanaşı şəkil çəkdirməsindən pəjmürdəhal olub: "O biri veteranlardan nəyi artıqdır ki, başqaları kənarda durur, bu isə gedir "Turan Tovuz" rəhbərinin yanında durur" deyə "Sabah" rəhbəri ətrafına bildirib.
Avropa kuboklarına dördüncü vəsiqə uğrunda "Sabah" və "Turan Tovuz" arasında rəqabətin getməsi, hətta iki komanda arasında Azərbaycan Prremyer Liqasındakı III dövrə qarşılaşmasında hakimliklə bağlı problemin baş qaldırması fonunda veteran futbolçunun bölgə klubunun rəhbərinə isti münasibəti onu xeyli məyus edib.
Adıgözəlova xoş gəlməyən daha bir məsələ isə özü AFFA İcraiyyə Komitəsinin üzvü olduğu halda, "Turan Tovuz"un tədbirinə getməməsi, əvəzində "Sabah" əməkdaşının dəvəti müsbət qarşılaması olub. O, Avrokuboklara vəsiqə şanslarının bir tükdən asılı olduğu vaxtda klub işçisinin konsentrasiyanı pozan addımından narahat olub.
Lakin Adıgözəlov səbrini basıb bir az da gözləməyə qərar verib. O, Kuboku qazanaraq, yerini möhkəmlətməyə və Müşahidə Şurasını öz əlində cəmləməyə çalışır, məhz klub üçün ilk titulu əldə etməyi əlverişli fürsət sanır.
Ponomaryovun özü də Kürdəxanı səfəri və "Turan Tovuz" rəhbəri ilə səmimi pozlarının yaxşı qarşılanmamasının fərqindədir. O, açılışa Futbol Veteranları İttifaqının sədri, "Turan Tovuz"un Müşahidə Şurasında təmsil olunan Oqtay Abdullayevin dəvəti ilə getdiyini bildirib. Amma bununla özünə nə dərəcədə haqq qazandırmasına tam əmin deyil.
Odur ki, aprelin 23-də "Neftçi"yə qarşı Azərbaycsn Kubokunun yarımfinal mərhələsinin cavab görüşünün nəticəsini gözləmək lazımdır. Ponomaryovun "torbasını tikib bitirməyə çox az vaxt qalıb.
Seymur Teymurzadə