
Yeni mövsümdən Premyer Liqanı tərk edərək Çempionşipə düşücəkləri dəqiqləşən "Lester"in kapitanı Ceymi Vardi bununla bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, ingiltərəli hücumçu sosial şəbəkə hesabındakı paylaşımında elitanı tərk etməyin onun üçün utancverici olduğunu yazıb:
"Hazırda nə deyəcəyimi belə bilmirəm. Bu mövsüm keçdiyimiz yola aid əsəb və kədər hisslərimi heç bir sözlə ifadə edə bilmirəm. Heç bir bəhanə də yoxdur. Kollektiv, futbolçular və klub olaraq uğursuzluğa düçar olduq. Heç nəyi gizlətmək lazım deyil. Bu, şəxsən mənim üçün tamamilə utancverici bir şeydir".
38 yaşlı futbolçu azarkeşlərdən üzr istəyib: "Bu klubda uzun müddətdir ki, çox yüksək nailiyyətlər və uğurlar yaşadıq. Bu mövsüm isə bədbəxtlikdən başqa bir şey olmadı. Azarkeşlərdən üzr istəyirəm. Təəssüf ki, Premyer Liqada qala bilmədik. Mövsümü belə bir pis durumda bitirdiyimiz üçün üzr istəyirik".
Qeyd edək ki, 2015/2016 mövsümündə tarixində ilk dəfə İngiltərə çempionu olan "Lester"in bu mövsümü son 3-lükdə bitirəcəyi artıq dəqiqləşib. Komanda 33 turdan sonra 18 xalla 19-cu pillədə qərarlaşıb.