
"Mənim psixologiyam özümə aiddir. Dünənim, keçmişim xoş xatirələrdir".
Bunu sportnet.az-a açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev keçmiş komandası "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü barədə danışarkən deyib.
O, matça normal hazırlıq keçdiyini bildirib: "Bu gün buradayam, futboldan uzaq qalmamağa, daha çox oynamağa çalışıram. Heç bir xüsusi hazırlıq və motivasiyam yox idi. Amma "Qarabağ"a həmişə hörmət etmişəm, orda doğulmuşam, orda böyümüşəm, orda futbola başlamışam.
Hörmətim həmişə eynidir, oyuna görə artıb-azalmır. Onları xüsusi rəqib kimi görmürəm. Hər şey qaydasındadır. Matça normal hazırlaşmışdım. Xüsusi bir şeyim yoxdur".
Qeyd edək ki, Qara Qarayev 1992-ci ildə Füzulidə anadan olub və "Araz-Naxçıvan"dan öncə "Neftçi"də, daha əvvəl isə 2011 - 2023-cü illərdə "Qarabağ"da forma geyinib.