
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Kəpəz”in iki futbolçusunu gözaltı edib.
Sportnet.az xəbər verir ki, bu barədə 43 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə Gəncə təmsilçisini 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında bildirib.
O, etik olmadığı üçün futbolçuların adları açıqlamayıb: "Keçən il Giorgi Papunaşvilini bəyənirdim. Onun mövqeyində də boşluq var idi deyə, transfer etdik. Məsələn, yerli müdafiəçi də istəyirdik. Elçin Əlicanovun müqaviləsi bitmişdi deyə, heyətimizə qatdıq. Ola bilər ki, hansısa futbolçunu bəyənim, amma onun mövqeyində razı qaldığım oyunçu olsun və müqaviləsi də 2-3 illik olsun. Bu meyarların üst-üstə düşməsi çox vacibdir. "Kəpəz"dən də bəyəndiklərim var, ad çəkməyim etik olmaz. Bəzən elə futbolçu olur ki, onu götürməyi çox istəyirsən. Məsələn, bu gün iki futbolçuya baxırdım. Hər ikisini bəyənirsən deyə əlaqə saxlayırsan. Amma öyrənirsən ki, transfer məbləğləri yüksəkdir. Düşünürəm ki, bir neçə belə transferlər də edə bilsək, yaxşı olardı. Avrokuboklarda qruplara qalıb uğur qazansaq, rəhbərlik də bizə daha çox inanar".
Sadıqov "Zirə"nin aşağı büdcə ilə uğurlu transferlər etdiyini bildirib: "Əsas vacib olan götürdüyün futbolçunun uğurlu olmasıdır. Böyük pullar xərcləyib transfer edə bilərdik, amma bugünkü effekti almazdıq. Bu il az büdcə ilə çox uğurlu transferlər etdik. Papunaşvilinin özünü deyərdim, daha sonra Martins Junior ilə Salifu Suma. Suma bizə gələnə qədər cəmi 10 dəqiqə peşəkar futbol oynamışdı. Daha çox aşağı yaşlılarda çıxış etmişdi. İssa Cibrilanı da əlavə edərdim. O da çox uğurlu alındı. Bir neçə futbolçu var ki, bizə gəlməmişdən qabaq Azərbaycanda və ya xaricdə uğurlu karyeraya malik idilər. Bəlkə də böyük pullar xərcləsəydik, bu qədər uğurlu olmazdıq".
O, indiyədək edilən transferlərdən razılıq ifadə edib: "Apardığımız seleksiyanı hamı görür. Giorgi Papunaşvili, Elçin Əlicanov və Martins Juniordan çox razıyam. Ötən mövsümü 8-9-cu yerdə bitirən klublardan futbolçular transfer etmişik. Düzdür, hamısından razıyam. Biz iddialı transferlər etməmişik. Gücümüzə, imkanlarımıza uyğun yaxşı komanda formalaşdırmağa çalışırıq”.
Baş məşqçi "Zirə"nin transfer planından da danışıb: “Təbii, çox futbolçunu transfer etmək istərdim. Amma heç kim əlindəki yaxşı futbolçunu vermək istəməz. Müqaviləsi bitən futbolçularla da, xarici oyunçularla da yaxından maraqlanırıq. Bütün klublar kimi, biz də əziyyət çəkəcəyik. Bu da bir çox klubların iddiasının artmasına görədir. İmkanlar artıb, Azərbaycana futbolçu gətirmək əvvəlki kimi asan deyil. Xüsusən, imkanı aşağı olan klublar üçün. Təklif etdiyimiz müqavilələrə, bəzən heç baxmırlar. Biz də imkanları aşa, balansı poza bilmərik. Ümid edirəm, uğurlu transferlər olar”.
43 yaşlı mütəxəssis istənilən halda, komandasını gücləndirmələrinin gərəkliyini bildirib: “Təbii ki, güclənmək istərdik. Amma bu gün klubumuzun yaratdığı şəraitdən məmnunuq. Heyətimizdən də razıyam. Daha da güclənsək, yaxşı olar. İlk növbədə bütün heyəti qoruyub saxlamaq lazımdır. Bu işlərə gələn həftədən başlayacağıq. Amma hazırda prioritetimiz ikinci yer uğrunda mübarizədir. Transferlərimiz seleksiyadan, müqaviləsi bitəcək oyunçularla aparacağımız danışıqlardan asılıdır".
Haşım MƏMMƏDOV