
"Komandamız hər il daha da gücləndiyini sübut etdi".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə "Sabah"la heç-heçə edərək çempionluğu təmin etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, çempionatın keyfiyyətinin qalxdığını bildirib: "Çox gözəl və çətin çempionluq oldu. Çempionatın keyfiyyətinin qalxmasını ildən-ilə hiss olunur. Hakimlərdən çox razıyam. "Qarabağ" hər il daha da gücləndiyini sübut etdi".
Klub rəsmisi "Sabah"ın oyunu barədə danışıb: "Gözəl və baxımlı oyun oldu. Hesab bərabərləşəndə həyəcanlandıq. "Sabah"ı da təbrik edirəm. Çox gözəl oynadılar və sona qədər mübarizə apardılar".
O, baş məşqçi Qurban Qurbanovla arasında möhtəşəm bir bərabərliyin olduğunu söyləyib: "Bir-birimizi başa düşürük. O, hər zaman klubun və onun yanında olduğumu bilir. Qurban hocanın önündə 4-5 transfer olunmalı futbolçunun adı var. Gərək özü fikirləşsin.
"Sabah"la Azərbaycan Kubokunun final oyunundan sonra onunla görüşəcəyəm. Bizə öz düşüncələrini, kimlərlə yollarını ayırmaq, kimləri transfer etmək istədiyini deyəcək".
Gözəl "Qarabağ"ın avrokuboklardakı mümkün rəqibləri barədə də söz açıb: "Gələcəyimiz bir az da bəxtimizdən asılıdır. Görək, püşkdən hansı komandalar çıxacaq. Keçən ildəki rəqiblərimiz çox güclü idilər.
Elə bil yarımfinalda oynayırdılar. Qismətimizin nə olacağını görəcəyik. Amma UEFA Çempionlar Liqasında olmağımız bizim üçün müsbət hal və əlavə şansdır".
O, Qurbanovun qarşısına müəyyən hədəf qoymadığını vurğulayıb: "Ona "elə olmalısınız, belə olmalısınız" kimi hədəf qoymuram. "Qarabağ"ın hədəfi Azərbaycana ilham verməkdir. Qurbanova deyirəm ki, Azərbaycanı dünyada cəngavər, möhtəşəm oyunu ilə tanıtsın".
"Qarabağ"ın prezidenti növbəti mövsümdən Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvinin ölkə futboluna xeyirli olmayacağını bildirib: "Bu, qısa müddətdə bizə kömək edəcək.
Amma uzunmüddətli zamanda zərər vuracaq. Buna baxmayaraq, aşağı yaşlılardan ibarət komandamızla işləyəcəyik. Özümüzə hədəf qoymalıyıq ki, öz daxilimizdə özümüzün limiti olsun".
Gözəl I Liqadan elitaya yüksələn "Karvan" və "İmişli" klublarının stadionlarının şəraitsiz olması ilə bağlı suala belə cavab verib: "O barədə bir şey deyə bilmərəm, məlumatım yoxdur. Klub gələcəksə, infrastukturu inkişaf etməlidir".
O, paltardəyişmə otağına gedərək futbolçuları təbrik etdiyini söyləyib: "İki dəqiqəlik özümdən çıxdım. Hamısını bir-bir qucaqlayıb öpdüm. Xoşbəxtlikdən özümü itirdim, bəzən belə lazımdır".
Klub rəhbəri matç bitəndən sonra futbolçuların meydanda sevinməməsini belə şərh edib: "Bu, "Qarabağ"ın əsalətidir. Biz harasa qonaq gedəndə belə, sakit çıxırıq. Amma öz aramızda bayram etdik".