
“Hər iki komanda qələbə üçün oynayırdı. Komandamdan razıyam. Baxmayaraq ki, öz səhvlərimizdən qol buraxdıq, amma oyundan çox razıyam. “Neftçi” yaxşı rəqibdir, güclü futbolçuları var. Buna baxmayaraq, komandam yaxşı oyun göstərdi”.
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov evdə "Neftçi" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.
36 yaşlı mütəxəssis “Neftçi”nin 0:2 geridə olduğu halda, hesabı bərabərləşdirməsinə belə reaksiya verib: “Futbolda hər şey olur. Fərdi səhvlərimiz oldu. Əlavə olaraq, rəqibin adı, ustalıq səviyyəsi özünü göstərdi. Bu komandaya qarşı belə oynamağa ancaq alqış düşür. Bir xal da bir xaldır”.
Cavadov qələbə qazanmadıqları üçün məyus olduğunu söyləyib: “Amma rəqibi də nəzərə almaq lazımdır. İki səhv bizim üçün kritik oldu. Üzücü olan budur. Qismət belə imiş”.
O, əvəzetmələrdə yanlışlığın olması ilə razılaşmayıb: “Neftçi”nin birinci qolunda əvəzetmə olmamışdı. Lakin qoldan sonra dəyişiklik etməyə çalışdıq. Bəzi şeylər alındı, bəziləri yox. Fərdi səhvlərə görə uduzduq".
Baş məşqçi qapıçı Xəyal Fərzullayevin yanında olmalarının gərəkliyini vurğulayıb: “Xəyal Tovuzda yaxşı qurtarışlar etmişdi. O zaman yaxşı idi, indi pis? Gənc oyunçunun yanında olmaq lazımdır".
Cavadov mətbuatdan dəstək istədiyini də açıqlayıb: “Yeni baş məşqçi üçün belə ifadələr görmək məni üzür. Komandanı çətin vəziyyətdə götürmüşəm. Təcrübəli baş məşqçilərə fərqli suallar verilir, gənc baş məşqçiyə fərqli. Bu gün istəməzdim ki, komandam xal itirsin".
O, sabit qalmamalarının səbəbini açıqlayıb: “Burada nüanslar çoxdur. Bu mövsümü yaxşı başa vuraq. Əsas odur ki, iş var. Vəziyyəti sabitləşdirmək üçün heyətdən də çox şey asılıdır. Ümidvaram ki, hər şey qaydasında olar".
“Sumqayıt”ın baş məqçisi Rövlan Muradovun oynamaması ilə bağlı bunları deyib: “11 oyun qol vurmurduq. Bu görüşlərdə Rövlan əsas heyətdə idi. Bu oyunlarda heç qol ötürməsi belə yoxdur. Sərtan Taşkın isə iştirak etdiyi oyunlarda faydalı olur. Bəs bu şansı indi ona nə üçün verməyim? Rövlan da şansını gözləməlidir. Ona 17 oyunda imkan verilib, bu matçlarda isə daha az oynayanları nəzərə almaq lazımdır. Hər futbolçudan yararlanmaq istəyirik. Rövlanla problemimiz yoxdur. Məşqlərdə də yaxşıdır. Növbəti oyunlarda onu görə bilərik. Sərtan indi o mövqedə daha yaxşıdır".