
Azərbaycan millisinin futbolçusu Mahir Emreli mövsümün sonunda Almaniyanın "Nürnberq" klubundan ayrılacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Joti Xatsialaksiu açıqlama verib.
O bildirib ki, 28 yaşlı hücumçu ilə əməkdaşlığın davam etdirilməməsinə dair razılıq əldə olunub: "Müqaviləsi bitən oyunçularımızla bağlı mümkün qədər tez qərar qəbul etməyimiz vacibdir. Biz Mahirə mövsüm ərzində göstərdiyi səylərinə, xüsusən, öz işinə sadiqliyinə və son oyunlarda vurduğu qollara görə minnətdarlıq etmək istərdik. Ona idman karyerası və şəxsi işlərində uğurlar arzulayırıq".
Qeyd edək ki, bu mövsüm Mahir Emreli II Bundesliqada "Nürnberq"in heyətində 22 oyuna 7 qol vurub və 1 məhsuldar ötürmə verib. O, Almaniya Kubokunda isə 1 qolla yadda qalıb.