
“Vaqif Cavadovu uğursuz baş məşqçi adlandırmazdım. Çünki gəncdir, yarı mövsüm bizimlə işləyib. “Sumqayıt”ı Premyer Liqada çətin durumda götürdü, yaxşı işlər də gördü”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın kapitanı Elvin Bədəlov Teleqraf-a açıqlamasında baş məşqçi Vaqif Cavadovun istefaya göndərilməsinə münasibət bildirərkən deyib.
30 yaşlı müdafiəçi Cavadovun “kimyaçılar”dakı işini dəyərləndirib: “İstefadan bizim də sonradan xəbərimiz oldu. Dünən oyunda da zədə üzündən iştirak etməmişəm.Gözlənilməz xəbər oldu. Baş məşqçimiz idi, alınmadı. Düzdür, elitada qaldıq və əsas məqsədimizə çatdıq. Amma daha yaxşı nəticələr ola bilərdi, təəssüf ki, alınmadı. Maraqlı gedişatları oldu.
Bəzi məqamlar da biz onunla oyunumuzu yaxşılaşdırdıq, o da bizimlə təcrübə qazandı. Faydalı oldu. Təəssüf ki, belə alındı. Futboldur, hər şey ola bilər. Rəhbərliyin qərarıdır, hörmətlə yanaşırıq. Vaqif müəllimə gələcək karyerasında uğurlar arzulayıram”.
Bədəlov komanda daxilində baş məşqçi ilə futbolçular arasında narazılıqların baş verməsinə dair iddiaları təkzib edib. O, uğursuzluğun səbəbkarının tək Cavadov olmadığını qeyd edib:
“Kollektiv içərisibndə onunla bağlı narazılıq yox idi, ola da bilməzdi. Baş məşqçimiz idi, məşq prosesində, oyun zamanı və oyundan kənar hər şey qaydasında idi. Bu xəbərlər həqiqəti əks etdirmir. Uğursuzluğun səbəbi çox idi. Mövsümün əvvəlinə baxmaq lazımdır.
Klub olaraq uğursuz çıxış etdik. Tək Vaqif müəllimə bu uğursuzluğu şamil etmək olmaz. Çünki mövsümün əvvəlindən problemlər yaşayırıq. Bu mövsüm klub olaraq zəif çıxış etdik. Ona görə tək Vaqif Cavadovu, futbolçuları və ya rəhbərliyi deyə bilmərik. Klub olaraq zəif çıxış etdik”,
Qeyd edək ki, "Sumqayıt" 34 turdan sonra 30 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alır. Vaqif Cavadov komandada keçirdiyi 28 oyunda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.