
"Bizim komanda 2022-ci ildə Avropa çempionu olduqdan sonra məşhurlaşdı. Daha sonra 2024-cü ildə keçirilən dünya çempionatında da uğurlu çıxış edərək 4-cü olmuşdu".
Teleqraf xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə əlaqədar Bulvar ərazisində təşkil olunan "Fan Zon"a ilə tanışlıq zamanı jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan milli komandasının mundialda uğurlu çıxış edəcəyinə inandığını söyləyib: "Artıq dünya çempionatı Bakıda keçiriləcək və növbəti həftə mundialın açılış mərasimi keçiriləcək.
Doğma azarkeşlərin qarşısında çıxış etmək məsuliyyətlidir. Fürsətdən istifadə edərək azarkeşləri komandamıza dəstək olmaları üçün çempionatın baş tutacağı Milli Gimnastika Arenasına dəvət edirəm.
İnanıram ki, komandamız dünya çempionatında uğurlu çıxış edəcək. Çünki, hamı böyük səylə hazırlaşıb.
Bu yarışın Azərbaycana gəlməsinə və təşkilinə görə Azərbaycan Minifutbol Federasiyasına təşəkkürümü bildirmək istəyirəm. İnanıram ki, Azərbaycan qələbə çalacaq".
Nazir yarışa hazırlıq barədə söz açıb: "Milli Gimnastika Arenası demək olar ki, hazırdır. Futbolçularımız burdadır, əhval-ruhiyyəmiz yaxşıdır. Hamımız hazırıq".
O, uzun müddətdir Azərbaycanda "Fan Zona"nın təşkil olunmadığını vurğulayıb: "Belə bir təcrübə öncələr olub. Ölkəmizdə müxtəlif yarışlar keçirilsə də, "Fan Zona"lar olmurdu. Amma bu, çox vacibdir. Bu, növbəti təbliğat üsüludur. Bulvar ərazisində gəzişən insanlar da bu yarış barədə məlumat əldə etmiş olacaqlar. Burada azarkeşlər üçün müxtəlif yarışlar keçiriləcək".