
"Qarabağ"ın futbolçusu Kadi Borges evdə "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi müsahibəsində çempionluq sevincini bölüşüb, Ağdam komandasına dönüşü və Azərbaycan Kubokunu qazanma şanslarından danışıb:
- "Qarabağ"a dönüşünüzü necə dəyərləndirirsiniz və bu mövsüm sizin üçün nələrlə yadda qalacaq?
- Bu mövsümü sevgi ilə xatırlayacağam. Adətən, getdiyin kluba yenidən qayıdanda müəyyən şübhələr olur. Amma sevinirəm ki, mənim dönüşüm uğurlu oldu, çempion olduq. Çempionluğu qeyd etdik, artıq növbəti oyunları düşünməyə başlayacağıq.
- Mayın 31-də "Sabah" komandasına qarşı Azərbaycan Kubokunun final oyunu var. Nə düşünürsünüz?
- Bu günədək oynadığım bütün finallar kimi, maraqlı və böyük oyunun olacağını düşünürəm. Fikrimcə, qol epizodları ilə zəngin matç olmayacaq. Ümidvaram ki, yenə də layiqli olan tərəf qələbə qazanacaq.
- Azarkeşlər "Qarabağ"dan Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə gözləyir. Bu heyətlə hədəfə çatmaq nə qədər realdır?
- Hər dəfə olduğu kimi, bu mövsüm də məqsədimiz əsas mərhələ olacaq. Ümidvaram ki, bu dəfə istədiyimiz hədəfə çatmaq alınacaq.
- Juninyo da "Qarabağ"a qayıtsa, onunla tandem nə dərəcədə uğurlu alınacaq?
- Əslində bu cür xəbərlər sosial şəbəkələrdə çox yayılır. Amma hər deyilənə inanmamaq lazımdır. Çünki bir futbolçuya görə 5 milyon avro ödəyən komanda onu asanlıqla icarəyə buraxmayacaq. Ona görə də belə şeylərə o qədər də diqqət yönəltməyək. Qaldı ki, "Qarabağ"ın istədiyi hədəfə çatmaq üçün kifayət qədər potensialı var.
- Gəlişinizdən sonrakı "Qarabağ"la əvvəlki arasındakı hansı fərqləri görürsünüz?
- O qədər də böyük fərq və dəyişiklik görmürəm. Çünki komanda baş məşqçimiz Qurban Qurbanovun metodologiyası eynidir. Düzdür, komandaya müntəzəm olaraq, yeni futbolçular gəlir və gedir, müəyyən dəyişikliklər olur. Amma ümumi götürdükdə o qədər də dəyişiklik yoxdur. Hələlik hər şey istədiyimiz kimidir.
- Çempionatda hansı klublar sizi təəccübləndirir?
- ilk növbədə, "Sabah"ı qeyd edə bilərəm. Çünki komandada həddindən artıq oyunçu dəyişikliyi baş verib, klubu çoxlu futbolçu tərk edib. Ümumilikdə isə bütün komandalar məni yaxşı mənada təəccübləndirdi. Çünki gedişimlə qayıdışım arasında müqayisə apardıqda liqada inkişaf görürəm. Ümidvaram ki, bu, belə də davam edəcək.