
İngiltərənin "Mançester Siti" klubu futbolçusu Kevin De Bruynenin heykəlini ucaldacaq.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, abidə "şəhərlilər"in ev oyunlarını keçirdiyi "Etihad" stadionunun ərazisində qoyulacaq.
Hazırda ərazidə Mançester təmsilçisinin digər əfsanələri Vensan Kompani, David Silva, Serxio Aquero, Mayk Sammerbi, Frensis Li və Kolin Bellin heykəli var.
De Bruyne mayın 21-də "Mançester Siti"nin heyətində son oyununu keçirib. Belçikalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının XXXVII turunda evdə "Bornmut"u 3:1 hesabı ilə məğlub etdikləri matça əsas heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ilin yayından şərəfini qoruduğu "Mançester Siti" ilə 19 kubok qazanıb. O, klubda keçirdiyi 421 oyunda 108 qol və 177 məhsuldar ötürmə müəllifi olub.