
"Komandama təşəkkür etmək istəyirəm. Mövsüm ərzində böyük iş gördülər. İlk toplanışda öz iddialarını ortaya qoyaraq, mövsümü layiqli yerdə bitirdilər. Onları təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev evdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXVI tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis başa çatan müqaviləsinin artırılması yönündə onunla heç bir danışığın aparılmadığını bildirib: "Gələcək barədə mən də heç nə bilmirəm. Danışıq da olmayıb. Elmar Baxşıyev burada oldu-olmadı, komandaya uğurlar, daha da iddialı olmalarını arzulayıram. Bu komanda mənə doğmadır. Kollektivi formalaşdırmaq üçün çox çətinliklərdən keçmişik. Gələcəklə bağlı heç nə deyə bilməyəcəyəm, üzrlü sayın. Nə olacaqsa, klubdan məlumat veriləcək".
Baxşıyev Qara Qarayevi son iki matçda mikrozədəsi səbəbindən ehtiyatlı davranaraq oynatmadıqlarını da bildirib.