
"Murad Musayev bütün sualların cavabını çempion olmaqla verdi".
Bunu Sportnet.az-a açıqlamasında sabiq futbol funksioneri Ceyhun Sultanov "Sabah" komandasının sabiq baş məşqçisi Murad Musayevin "Krasnodar"la Rusiya çempionluğu qazanmasını şərh edərkən deyib.
Tanınmış ekspert bildirib ki, baş məşqçi kimi uğur qazanmaq üçün parlaq futbolçu karyerasına malik olmaq şərt deyil. Sultanov rusiyalı sabiq futbolçu Aleksandr Mostovoyun Musayevin futbol adamlarının yerini tutmasına dair fikirlərinə belə reaksiya verib:
"Ona demək istəyirəm ki, hər oxuyan Molla Pənah, hər oynayan məşqçi olmur. Allah rəhmət eləsin, Maradonadan yaxşı futbolçu yox idi, amma məşqçi kimi "zero". Ona görə də Mostovoya demək lazımdır ki, danışmaq əvəzinə iş görsən daha yaxşı olar".
Onun sözlərinə görə, "Sabah"ın ən yaxşı futbol oynadığı dönəmi Musayevin vaxtında olub: "Bu komandanın heyəti keyfiyyətli futbolçulardan ibarətdir. Sadəcə, dünyada futbol dəyişib. Futbolçulardan çox məşqçilərin taktiki sxemi ilə oyun udulur. Ona görə nəsə demək çətindir. "Sabah"ın hazırkı baş məşqçisi Vasili Berezutskini uğurlu saymıram. Gördükləri işləri tərəziyə qoysaq, Musayev ağırlıqda 50 kq, Berezutski 1 kq gələr. Musayevin oynatdığı oyunu bilridik.
Berezutskidən hələlik bunu görmürəm".
Qeyd edək ki, "Krasnodar" tarixində ilk dəfə Rusiya çempionu olub. Murad Musayev 2021-ci il oktyabrın 30-dan 2024-cü il yanvarın 30-dək "Sabah" klubunun baş məşqçisi olub. Onun rəhbərliyi altında klub 2022/2023 mövsümünü indiyəqədərki tarixinin ən yüksək nəticəsi - gümüş medalla başa vurub.