
“Rəhbərliklə görüşdük, həm başa çatan mövsümü müzakirə etdik, həm də yeni futbol ili ilə bağlı fikirlərimizi bölüşdük. Danışıqlar uğurlu alındı və “Araz-Naxçıvan” layihəsində işimi davam etdirmək qərarına gəldim".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev komanda ilə müqavilə bağlaması ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
45 yaşlı mütəxəssis daha yaxşı komanda qura və nəticələri inkişaf etdirə biləcəklərini söyləyib: "Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü. Çətinliklərə baxmayaraq, tarixində ilk dəfə medalçılar sırasına düşdü, avrokuboklarda oynamaq imkanı qazandı. Ortaq məxrəcə gəldik ki, bu uğurlu qrafiki birgə davam etdirək. Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq".
O, "Araz-Naxçıvan"ın futbolçu axtarışlarına başladıqlarını bildirib: "Əlbəttə, bizi daha çətin və məsuliyyətli bir futbol ili gözləyir. Artıq planlar məlumdur. Komanda 2 mərhələdən ibarət hazırlıq keçəcək. Əvvəlcə Bakıda toplaşacağıq. Həmin vaxta qədər komandanı komplektləşdirməyə çalışacağıq.
Heyətimizdə dəyişikliklər olacaq. Ayrılanlarla bərabər, yenilər də gələcək. Bununla bağlı zamanla məlumat veriləcək. Axtarışlarımız başlayıb. Türkiyədə isə yoxlama oyunları keçirməklə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Sparrinq-rəqiblərimiz qarşıdakı günlərdə məlum olacaq”.