
"Əlbəttə, çətin oyun olacaq. Bu, açıq-aşkardır. Hər iki komanda qələbə qazanmağa çalışacaq".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş səfərdə Latviyaya qarşı keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis rəqibin çox yaxşı, keyfiyyətli futbolçulardan ibarət olduğunu bildirib. O, matça ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb: "Bu günlər ərzində futbolçularıma rəqib, necə müdafiə olunduqları və hücum etdikləri barədə kifayət qədər məlumat vermişəm. Qalır bu gün də son məşqi edərək, sabahkı oyunu düşünmək, əlimizdən gələnin ən yaxşısını meydanda göstərmək. Təlim-məşq toplanışının əvvəlindən indiyədək futbolçular özlərini çox yaxşı tərəfdən göstərməyi bacarıblar. Oyun vaxtı onlardan nə tələb edəcəyimi anlayırlar. Toplanış daha erkən başlayıb və bəzi futbolçular Azərbaycan Kubokunun finalından sonra komandaya qoşulublar. Onlar da eyni ritmdə davam edirlər. Emin Mahmudovun da vurğuladığı kimi, komanda yaxşı hazırlaşıb və tamamilə sabahkı oyuna köklənmişik".
Santuş 2026-cı il dünya çempionatının seçmə oyunları üçün heyəti hazırkı futbolçular üzərində quracağını açıqlayıb: "Hazırkı durumda dünya çempionatının seçmə oyunlarına köklənmirik. Sabah Latviya ilə oyunumuz var. Heyəti də məhz buna görə qurmuşuq. Hər bir komandanın öz oyun üslubu var. Fransa, Ukrayna və İslandiya milliləri Latviyadan tam fərqli oyun üslubuna malikdirlər. İndiyədək milliyə ümumilikdə 30-dək futbolçu dəvət olunub. Seçim onların arasından aparılacaq. Bəzi dəyişikliklər də olacaq. Ola bilsin, yeni oyunçular cəlb ediləcək, hazırkı heyətdən gələcəkdən kimsə çağırılmaya da bilər. Hər şey mümkündür".
Baş məşqçi ağır mövsümün sonu olmasına baxmayaraq, futbolçuların durumundan razılıq ifadə edib: "Ümumilikdə bəziləri xeyli məşq ediblər, eləsi var ki, cəmi bir məşqlə kifayətlənib. Durumları yaxşı səviyyədədir. Kubokun finalından sonra komandaya qoşulanlar elə də çox məşq etməyiblər. Onlarla yalnız taktiki hazırlıq üzərində çalışmışıq. Dünənki məşq ümumi bərpa xarakterli olub, bu gün isə son məşqlə sabahkı oyuna hazırlaşacağıq. Çempionatın sonunun olması, oyunçuların yorğun görünmələri heç nəyə səbəb göstərilməməlidir. Ona qalsa, Latviyada çempionat davam edir. Sabahkı oyun üçün futbolçularım çox motivasiyalı, istəklidirlər və düşünürəm ki, bunu meydanda göstərəcəklər".
Təcrübəli mütəxəssis millinin hücumçusu Mahir Emreli barədə də danışıb: "Mahir "Nürnberq"in axırıncı oyunlarında özünü çox yaxşı tərəfdən göstərdi, çox istəkli olduğunu meydanda da nümayiş etdirirdi. Əlbəttə, onunla danışığımız olub. Hazırkı durumda öz səviyyəsinə uyğun yaxşı komanda tapması çox vacib amildir. Çünki özünü çox yaxşı tərəfdən göstərə biləcək potensiala malikdir".
Santuş zədəsi ilə əlaqədar yığmadan kənarlaşdırılan müdafiəçi Bədavi Hüseynovun əvəzinə yeni oyunçu çağırmamasını belə izah edib: "Bədavinin mövqeyinə 7 oyunçu çağırmışdıq. Bu səbəbdən, əlavə oyunçu dəvət olunmadı. Yəni, ehtiyac duyulmadı".