
"Rəqibə hörmətlə yanaşırdıq. Oyuna qorxmadan diktə etməyə çalışdıq. Ümumilikdə istədiyimizi əldə etdik, futbolçular dediklərimi həyata keçirdilər. Lakin bu, 85-ci dəqiqəyədək oldu".
Sportnet.az xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Bakıda Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
61 yaşlı mütəxəssis bildirib ki, oyunun uzatma dəqiqələri ilə birlikdə son 10 dəqiqəsində yorğunluq və əvəzetmələr komandasının çıxışına müsbət təsir etməyib: "Azərbaycan millisi də kifayət qədər şans əldə etdi. Hər iki komanda əvvəldən sonadək mübarizə apardı. Azərbaycan millisindən gileylənməyə dəyməz. Komanda bacardığını ortaya qoydu. Kağız üzərində biz onlardan üstün idik. Statistika da bizim tərəfdə idi, kifayət qədər də şanslarımız var idi. Oyunun sonlarında rəqibin bir az da bəxti gətirsəydi, matç heç-heçə ilə tamamlanacaqdı".
İtaliyalı baş məşqçi Azərbaycan millisinin qol epizodunda əllə oyunun olduğunu bildirib: "Açığı, o epizodu texniki zonadan görə bilmədim, oyundan sonra baxa bildik. Bəli, orada əllə oyun var idi. Amma yoldaşlıq görüşündə VAR olmadığından, qərarda dəyişiklik edilmədi".
Rossi komandasının çıxışından razılıq ifadə edib: "Yaxşı oynadıq, kifayət qədər fərqli epizodlar yaratdıq, oyunun ritmini nəzarətdə saxladıq. Taktiki cəhətdən də razı qaldım. Meydana buraxdığım hər iki qapıçı yaxşı, səhvsiz oynadı. Biri gənc, digəri kifayət qədər təcrübəlidir. İkisinin də meydana çıxması öncədən razılaşdırılmamış dəyişiklik idi. Son 10 dəqiqədə çaş-başlığı, rəqibin hücumlarına lazımi reaksiyanı verməmə kimi halları çıxsaq, ümumilikdə razı qaldım".
Baş məşqçi Azərbaycan millisindən Mahir Emrelini xüsusi fərqləndirib: "Çox maraqlı oyunçudur. Təsadüfi deyil ki, Almaniya II Bundesliqasında "Nürnberq"də çıxış edib. Texniki cəhətdən çox yaxşıdır, yaxşı da oynadı. Hücumdakı komanda yoldaşı Renat Dadaşovu da qeyd edərdim. İkisi də çox yaxşı çıxış etdi. Fikrimcə, Azərbaycan millisinin bugünkü oyunundan razı qalmamaq düzgün olmazdı".
Rossi Macarıstan millisinin baş məşqçisi kimi Azərbaycana qarşı keçirdikləri hər üç matç arasında müqayisələr aparıb: "İlk oyunumuz yadıma gəlir, 3:1 hesabı ilə qalib gəlmişdik. Kağız üzərində asan görünürdü, amma əslində çox çətin matç alınmışdı. Budapeştdəki qarşılaşmada da qalib gəlmişdik, amma kifayət qədər çətinlik yaşamışdıq. Azərbaycan millisi texniki cəhətdən bir qədər geri qala bilər, amma ümumilikdə çox yaxşı təşkil olunmuş komandadır. Bizə qarşı hər 3 oyunda kifayət qədər yaxşı oyun sərgiləmişdi".