
Mixal Probej Polşa millisinin baş məşqçi postundan istefa verdiyini açıqlayıb.
Sportnet.az xəbər verir ki, bu qərar Polşanın DÇ-2026-nın seçmə mərhələsində Finlandiyaya 1:2 hesablı səfər məğlubiyyətindən əvvəl milli komandanın tarixi bombardiri Robert Levandovski ilə yaşanan qalmaqal fonunda verilib.
Levandovski bildirib ki, Probej baş məşqçi olduğu müddətdə yığmada oynamayacaq.
“Belə bir vəziyyətdə milli komandanın xeyrinə olan ən doğru qərarın istefam olduğunu düşündüm", – deyə Probej Polşa Futbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.
53 yaşlı mütəxəssis Polşa yığmasının sükanı arxasına 2023-cü ilin sentyabrında keçmişdi. Onun rəhbərliyi altında komanda keçirdiyi 21 oyundan 10 qələbə, 7 məğlubiyyət və 4 heç-heçə ilə ayrılıb. Polşa yığması AVRO-2024-də qrupda sonuncu yeri tutaraq yarışdan kənar qalıb və Millətlər Liqasının A divizionundan düşüb.
Qeyd edək ki, Mixal Probej Levandovskiyə Polşa millisində kapitan sarğısını verməkdən imtina edib.