
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"yə rəqib olan Xorvatiyanın "Hayduk" klubu ilk transferinə hazırlaşır.
Sportnet.az "index.hr" saytına istinadən xəbər verir ki, Split təmsilçisi ötən mövsüm yerli “Qoritsa”da çıxış etmiş yarımmüdafiəçi Adrion Payazitini heyətinə qatacaq.
“Hayduk”un yeni baş məşqçisi Qonsalo Qarsiya əvvəldən Payazitinin keçidində israrlı idi. Uruqvaylı mütəxəssis məhz 22 yaşlı futbolçunun yarımmüdafiədə ehtiyac duyulan oyunçu xüsusiyətinə malik olduğunu düşünür.
"Riyeka" və "Olimpiya" komandaları da albaniyalı üçün danışıqlar aparıb.
İddialara görə, keçidin həlledici məqamı İdman Şurasının gələcək üzvü Qoran Vuçeviçin şəxsən Payazitiyə zəng edərək yeni komandasının layihəsi və kollektivdəki rolu barədə onunla danışması olub. "Riyeka" və "Olimpiya"dan təkliflər daha konkret olsa da, bu danışıq Payazitinin "Hayduk"un xeyrinə qərar verməsi üçün kifayət edib.
Payaziti iyunun sonunda Vuçeviçin təyinatının rəsmi təsdiqini gözləyir, bundan sonra o, "Hayduk"la müqavilə imzalayacaq.
Payaziti Albaniya millisinin heyətində 2 oyunda forma geyinib.
Qeyd edək ki, Adrion Payaziti ötən ilin sentyabrında İngiltərə “Fulhem”indən icarə əsasında "Qoritsa"ya keçib. O, ötən mövsüm iştirak etdiyi 24 matçda 3 qolla yadda qalıb. "Transfermarkt"ın məlumatına görə, Payaziti 800 min avro dəyərindədir.