
"Hələ ki, sükutdur. Necə deyərlər, Bağdadda sakitlikdir. Bəzi şeylər var, lakin hələ konkret təklif yoxdur".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev karyerasının hazırkı durumu barədə danışarkən deyib.
59 yaşlı mütəxəssis nildirib ki, işsiz qalması ona çətindir: "Futbolçular və məşqçilər yalnız təklifləri müzakirə edə bilərlər. Amma özümüz plan qura bilmərik. Kim darıxmadığını deyirsə, yalandır. Bəlkə də darıxmaq düz söz deyil. Futbolun içində böyüyən, futbolla nəfəs alan, oynayan və sonra da futbolla məşğul olan insan üçün belə çətindir. Kim deyirsə ki, heç bir problem yoxdur, yalandır. Məşqçi işi elədir ki, gözləməli, uyğun təkliflər barədə düşünməslisən. Elə təklif gəldi, qaçmamalısan. Baş məşqçi kimi Çempionlar Liqasını qazanan Zinəddin Zidan neçə illərdir işsizdir. Yüzlərlə dünya səviyyəli mütəxəssis saymaq olar. Bu, bizim taleyimizdir, bununla barışmalıyıq. Elə bir baş məşqçi yoxdur ki, daim iş başında olsun. Ona görə baş məşqçinin çamadanı həmişə yanında olmalıdır. Bu, mütləqdir, həm çamadanı yığmaq, həm də boşaltmaq üçün belə lazımdır".
Bununla belə, Diniyev hər şeyi taleyin qismətinə bağladığını söyləyib: "Hər şeyi Allahın vergisi hesab edirəm. Həyatda iki şey var ki, qarşısını heç nə ilə almaq olmaz: Biri ölüm, digəri ruzidir. Həmişə bu fikrə inanmışam: Allah sənə həmişə o imkanı ona görə vermir ki, səhv yola getməyəsən və gözləmə mövqeyində olasan. Yəni, futbolun hər üzü var. Futbol elədir ki, bu gün varsan, sabah işləməyə bilərsən. Bu, o demək deyil ki, sən lazım deyilsən. Ona görə də, Allahın verdiyi tale ilə barışmalısan. Özündən heç nə edə bilməzsən. Ona görə həm uğuru, həm də uğursuzluğu sakitcə qəbul etməlisən".
O, AFFA məşqçilər Komitəs üzvlüyünə qayıtmaq istəməməsini belə əsaslandırıb: "Fəal məşqçiliyə davam etmək istəyirəm. Ona görə də düşünürəm ki, bu yöndə daha faydalı ola bilərəm".
Qeyd edək ki, Şahin Diniyev 13 noyabr 2024-cü il noyabrın 3-də "Səbail"in baş məşqçi postundan istefa verdikdən, Zinəddin Zidan isə baş məşqçi kimi yeganə iş yeri olan İspaniya "Real Madrid"ini 2021-ci il mayın 27-də tərk etdikdən sonra işsizdir.