
İtaliyanın “Yuventus” klubu argentinalı futbolçusu Nikolas Qonsaleslə yollarını ayıra bilər.
Sportnet.az “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçiyə “Latsio” maraq göstərir.
Komandanın baş məşqçisi Mauritsio Sarri şəxsən bu transferdə maraqlıdır. O, Qonsalesi 2025/2026 mövsümü üçün mümkün güclənmə variantı kimi görür.
Bundan əlavə, vəziyyəti İngiltərə klubları – “Brentford” və “Vest Hem”, həmçinin La Liqadan bir neçə adı açıqlanmayan komanda da izləyir.
Xatırladaq ki, Nikolas Qonsales ötən yay “Yuventus”a 8 milyon avroya icarə əsasında keçib. Müqavilədə məcburi satınalma şərti də yer alırdı – 33 milyon avro (25 milyonu sabit məbləğ, 8,1 milyona qədər isə bonus və əlavələr).
Lakin son məlumatlara görə, klub argentinalını əvəzolunmaz hesab etmir və 26–27 milyon avro aralığında təklifləri nəzərdən keçirməyə hazırdır.
Əhəmiyyətli məqamlardan biri odur ki, Qonsales bu yay satılarsa, böyük ehtimalla, müqavilədəki bonus ödənişlərini aktivləşdirməyəcək və bu da potensial alıcılar üçün sövdələşməni daha sərfəli edəcək.