
ABŞ-də təşkil olunan klublararası dünya çempionatı çərçivəsində G qrupunun növbəti matçında İtaliyanın "Yuventus” və Mərakeşin "Vidad Kasablanka" klubları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, görüş İtaliya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesab oyunun 8-ci dəqiqəsində açılıb. "Vidad Kasablanka"nun futbolçusu Əbdülmonaim Butul topu öz qapısına göndərib. 16-ci dəqiqədə Kənan Yıldız fərqi artırıb. 50-ci dəqiqədə hesab arasındakı fərqi azaldan Tembinkosi Lorç Mərakeş təmsilçisini ümidləndirsə də, 55-ci dəqiqədə ikinci dəfə fərqlənən Kənan Yıldız fərqi yenidən iki topa çatdırıb. 90+1-ci dəqiqədə penaltidən fərqlənən Duşan Vlahoviç oyunun yekun nəticəsini müəyyən edib.
Bu qələbə sayəsində "Yuventus" xallarının sayını 6-ya çatdırıb.
Qeyd edək ki, G qrupunda II turun növbəti oyununda İngiltərənin "Mançester Siti" klubu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" komandası ilə üz-üzə gələcək.