
"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.
Sportnet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" Niderland, Ukrayna və Avstriya təmsilçiləri ilə qarşılaşacaq.
Zell-Am-Seenin Kaprun bölgəsində Qurban Qurbanovun kollektivi 4 sınaq matçına çıxacaq. İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq. Qarşılaşma Bakı vaxtı ilə 19:30-da başlayacaq.
Dörd gün sonra “Qarabağ” “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar Bakı vaxtı ilə 17:00 və 19:15-də start götürəcək.
İyulun 15-də baş tutacaq toplanışın son matçı “Zalsburq”a qarşı olacaq. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq. Qarşılaşmaların hamısı Kaprun stadionunda baş tutacaq.
Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən komanda iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq.