
Maksim Medvedevin "Qarabağ-2" komandasına baş məşqçi təyin olunmasını Qurban Qurbanov təklif edib.
Bu barədə Sportnet.az-a keçmiş kapitanın özü məlumat verib.
36 yaşlı gənc mütəxəssis yeni işinin əsas komandanın baş məşqçisi Qurban Qurbanovun sayəsində baş tutduğunu bildirib: “Qurban müəllim futbolçu karyeramı yenicə bitirdiyimi və komandanın iş prosesini yaxşı bildiyimi əsas gətirib. Deyib ki, məşqlər, sistem eynidir və bunun çoxunu bilir. Rəhbərlik də razılaşıb ki, qoy, işləsin. Onun xəbəri olmadan akademiyada əsas təyinatlar olmur.
Hamısı onunla məsləhətləşmə əsasında aparılır. Çünki əvəzedicilər A komandaya yaxındır. Orada işləyə biləcəyimi nəzərə alaraq bu qərar verilib. Qurban müəllimə də minnətdaram ki, inanıb, belə təklifi edib".
Medvedev təklifi səfərdə olarkən aldığını açıqlayıb: "Klub rəhbərliyi zəng etdi. Bir qədər danışdıq, bəzi məlumatlar aldım. Analiz etdikdən sonra razılıq verdim. "Hazıram və bu komandanı götürərəm" dedim. Təki kömək edim”.
“Qarabağ”ın və Azərbaycan millisinin kapitanı gələcəkdə əsas komandaya futbolçular verməyi planlaşdırdığını vurğulayıb. Onun sözlərinə görə, rəhbərliyin ondan əsas tələbi kəmiyyət yox, keyfiyyət göstəricilərinə qalxmasıdır: “Desəm ki, çempionluq hədəfi qoyulub, xeyr, elə söhbət yoxdur. İlk növbədə, yaxşı kollektiv düzəltmək lazımdır. Sonra baxacağıq ki, iş necə gedir. İstəyirəm ki, futbolçular daha məsuliyyətli və intizamlı olsunlar, əsas komandaya gedərkən də özlərini yaxşı tərəfdən göstərsinlər. Bəziləri yığmalara dəvət alsınlar”.
Gənc mütəxəssis ilk misiyasının komanda tərkibində yaranan boşluqları aradan qaldırmaqdan ibarət olacağını qeyd edib: “Hazırda 5-6 əsas futbolçu komandadan ayrılıb. Bəziləri Premyer Liqaya, bəziləri isə A komandanın məşqlərinə dəvət olunur. Bəzi boşluqlar yaranıb ki, onları doldurmaq, ümumi komandanı yenidən toparlamaq lazımdır. Komanda ilə bu gündən tanışlığa başlamışam. Futbolçu olarkən bəziləri bizim məşqlərdə iştirak edirdilər, bəzilərini isə heç tanımıram. Hamısı ilə oturub danışacağam. Çalışacağıq ki, bu komandanı toplayaq və baxaq ki, bir il ərzində necə kollektiv qura bilirik. Hazırda əsas məqsədimiz bunlardır”.
Qeyd edək ki, Maksim Medvedev 2023/2024 mövsümünün sonunda karyerasını başa vuraraq “Qarabağ”ın U-14 komandasında köməkçi-məşqçi kimi işə başlayıb. 36 yaşlı sabiq futbolçu 18 il ərzində (2006 - 2024-cü illər) “Qarabağ”ın şərəfini qoruyub. O, Ağdam klubunun heyətində 552, millidə isə 81 oyun keçirib, təkcə “Qarabağ”da deyil, Azərbaycan futbol tarixində eyni klubda ən çox matça çıxan oyunçudur. Medvedev avrokuboklarda ən çox oyun keçirən azərbaycanlı futbolçudur. Həmçinin, o, eyni klubla 10 dəfə Azərbaycan çempionu olan üç futbolçudan biri, hamıdan çox – 14 mükafat qazanan futbolçudur. Onun hesabında Premyer Liqanın 10 qızıl, 2 gümüş və 2 bürünc medalı var.