
“Qəbələdə yaradılan şərait həqiqətən möhtəşəmdir. Bunun qarşılığında təsəvvür etmirəm ki, onlar tələbatsız olsunlar”.
Bunu Sportnet.az-a açıqlamasında “Qəbələ”nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçuk akademiyanın fəaliyyətinin məhdudlaşdırılması barədə qərara münasibət bildirərkən deyib.
60 yaşlı mütəxəssis belə bir addımın Azərbaycan futbolu üçün mənfi hal olduğunu bildirib: “Bu barədə məlumatım yox idi. Ona görə ətraflı şərh verə bilməyəcəyəm. Lakin belə bir akademiyanın fəaliyyətini məhdudlaşdırması ölkə futbolu üçün ağır qərardır. “Qəbələ” köklü klubdur, orada hər şey yaxşı təşkil olunub. Futbolçular və mütəxəssislər üçün yaxşı şərait yaradılıb. Həqiqətən də bu, çox pis xəbər oldu”.
Qriqorçuk fürsət düşmüşkən Premyer Liqaya dönən “qırmızı-qaralar”ı təbrik də edib: “Qəbələdə işlədiyim dönəmlər ağlımda tamam fərqli qalıb. Azərbaycan haqqında xatirələrim yalnız müsbətdir. Orada çox dostum və tanışım, onlara böyük hörmətim var. Hamıya böyük salamlar! “Qəbələ”nin elitaya çıxması barədə məlumatım var və buna çox sevinirəm. Bütün qəlbimlə hamını təbrik edirəm. Əminəm ki, “Qəbələ” ən yüksək hədəflərə çatmaq üçün çalışacaq. Onlara uğurlar!”
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən "Qəbələ”nin baş məşqçisi olan Roman Qriqorçuk bu postda 3,5 il çalışıb. "Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/2017, 2017/2018), 2 dəfə bürünc (2014/2015, 2015/2016) mükafat qazanan ukraynalı mütəxəssis 2 dəfə Azərbaycan Kubokunun finalına (2016/2017, 2017/2018) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə Avropa Liqasında çıxış edən "Qəbələ” 2015/2016 və 2016/2017 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib. O, son olaraq ötən mövsümün əvvəlində “Neftçi”də çalışıb.