– Bakı sizin üçün uğurlu şəhər olub. Yaxın keçmişdə Kipr "Omoniya"sının baş məşqçisi kimi "Zirə"ya qarşı oyunlardan sonra Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazandınız. Hazırkı komandada da eyni potensialı görürsünüzmü? Nəzərə alsaq ki, Avropa Liqasında uğursuz nəticə olarsa, Konfrans Liqasında yola davam edə bilərsiniz...

– Əslində, hər iki komandanı bir-biri ilə müqayisə etmək düzgün olmaz. Amma bəli, hazırkı komandamda da böyük potensial görürəm. Bu komanda çox hərəkətli, sürətli və modern futbola üstünlük verir. Biz aktiv, hücumameylli oyun tərzini seçirik və mən həmişə çalışıram ki, meydanda dominant tərəf biz olaq. Özüm hücum futbolunu sevən baş məşqçiyəm. Mövsüm boyunca da çox istəyirəm ki, komandam yalnız bir qol vurmaqla kifayətlənməsin. 1-ci qolu vururuqsa, 2-cisini də axtaraq. 2-dən sonra 3-ü, 3-dən sonra isə 4-cü qolu vurmağa çalışmalıyıq. Yəni, məqsədimiz daim üstünlük qurmaq və oyunu nəzarətdə saxlamaqdır. Bu baxımdan, inanıram ki, komandada həmin uğurları təkrar etmək üçün hər cür imkan var.

 

– "Sabah" klubuna gəlişinizdə eyniadlı basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytisin hər hansı rolu olubmu?

– Xeyr, mənim hansısa kluba keçidim üçün vasitəçiyə ehtiyac yoxdur. Bu məsələdə heç bir danışığımız olmayıb. Çünki mən artıq klub rəhbərliyini və burada çalışan insanları 2-3 ildir tanıyıram. "Sabah"ın nə istədiyini, hansı hədəflər uğrunda çalışdığını bilirəm. Klubun iddiaları mənim üçün aydındır və çalışacağam ki, əlimdən gələni edərək bu iddiaların bir parçası olum.

 

- Oyundan əvvəlki həyəcan və səbirsizlik komandanıza mənfi təsir göstərə bilərmi?

– Əlbəttə, istər ilk oyun, istərsə də son oyun olsun, müəyyən gərginlik həmişə olur. Amma bu, tamamilə normal bir haldır. Xüsusilə ilk oyunlarda rəqibi tam tanımadığın üçün gərginlik bir qədər çox olur. Lakin oyunun ilk dəqiqələrindən sonra bu hisslər aradan qalxır və komanda oyuna tam köklənir. Özüm tamamilə həyəcanlı və ya narahat deyiləm. Çünki biz son iki həftə ərzində çox yaxşı məşqlər keçmişik. Düzdür, bir baş məşqçi olaraq istərdim ki, əlavə məşqlərimiz də olsun, amma mövcud şəraitdə komandamın hazırlığından razıyam. Komandama inanıram və deyə bilərəm ki, oyuna tam hazırıq.

 

- Təlim-məşq toplanışında 2 oyuna 5 top vursanız da, eyni sayda buraxmısınız. Bu, müdafiədəki təhlükədən xəbər verirmi?

- Əlbəttə, yoxlama oyunları bizim üçün önəmlidir. Həmişə belə matçlarda güclü rəqiblərlə qarşılaşmağa üstünlük verirəm. Çünki bu halda zəif cəhətlərimizi və problemlərimizi görə bilirik. Bu, mənim oyun tərzimdir. İstəyirəm ki, güclü rəqiblərlə qarşılaşdıqdan sonra səhvlərimizi oyunçularımıza göstərək, video-analizlər aparaq. Həmişə belə işləmişəm. Oyunçularıma göstərmişəm ki, nələri səhv etmisiniz. Yoxlama oyunlarında 3:0 hesabı ilə qalib gələcəyiksə, biz nəyi analiz edəcək və hansı zəif cəhətlərimizi futbolçulara göstərəcəyik? Bu halda, rəsmi matçlarda problemlərlə qarşılaşa bilərik. Səmimi desəm, uşaqlar da çox şad, xoşbəxt idilər. Çünki yoldaşlıq görüşlərimizdə daha çox qollar vura, daha çox fərqlənə bilərdik. İstərdim ki, hər kəs stadiona gələrkən qolları gözləsinlər. Çünki daha çox qol şansları yaradaraq, fərqlənməyimizi istərdim. Düzdür, hər şey istədiyimiz kimi, mükəmməl deyil. Kifayət qədər vaxtımız olmadı. Amma mən düşünürəm ki, iki həftəlik hazırlıq dövründən sonra futbolçularıma inanıram.

 

- Komandanız iddialı olsa da, ötən mövsüm Azərbaycan Premyer Liqasında mükafatçılar sırasına düşə bilmədi. Siz gəldikdən sonra qısa müddətdə nələri dəyişə bildiniz?

- Biz hər şeyin, o cümlədən, idddialarımızın çox yaxşı fərqindəyik. Bilirik ki, ötən mövsüm ilk pillə ilə aramızda 41 xallıq fərq olub. Amma biz addım-addım böyümək, belə böyük fərqi yavaş-yavaş qapatmaq istəyirik. Düzdür, iki həftə ərzində komandada çox yaxşı, pozitiv məqamlar gördüm. Həmişə uşaqlara səhvlər etməkdən qorxmadan, ürəklə oynamalı olduqlarını deyirəm. Çünki futbol səhvlərdən ibarət oyundur. Mən heç vaxt futbolçuları bunlara görə danlamayacağam. Topu siz 100 dəfə onlara, onlar 100 dəfə sizə veriblərsə, bu, o deməkdir ki, onlar 100 dəfə top itiriblər. Səhvlərə qarşı həmişə düzgün reaksiyalar verməliyik. Oyunçular arasındakı əlaqə də çox önəmlidir. Eyni cinahda oynayan iki futbolçunun bir-birini başa düşməsi oyunun ritminə ciddi təsir edir. Mən hər oyunda, hər məşqdə inkişaf etməyi sevən və bunu tələb edən məşqçiyəm. Düşünürəm ki, bu gün etdiyimiz hər məşq, qarşıdakı – xüsusilə də cümə axşamı oynanılacaq qarşılaşma üçün çox önəmlidir. Biz hər şeyə addım-addım, planlı şəkildə yaxınlaşmalıyıq.

 

– Azərbaycan milli komandasının qapıçısı Yusif İmanov təlim-məşq toplanışına aparılmadı və Avropa Liqası üçün iştirak ərizəsinə də salınmadı. Bu qərarın səbəbi nə idi?

– Bu qərar mənim komandaya qoşulmağımdan əvvəl verilmişdi. Ona görə də bu məsələyə dair hər hansı şərh verməyim doğru olmaz. Qərarın səbəbləri barədə danışmaq mənim səlahiyyətim daxilində deyil.