
"Bu gün meydanda iki kompakt komanda oynayırdı. "Tsele" ötən mövsüm UEFA Konfrans Liqasında uğurlu çıxış edib. Bəzi səhvlərimiz olsa da, oyundan razı qaldıq. Belə oyunlarda təcrübə öz sözünü deyir. Rəqibin tərcübəsi də daha çoxdur. Qarşıda cavab oyunumuz var. Daha yaxşı hazırlaşaraq qələbə qazanacağımıza ümid edirik".
Bunu Sportnet.az-a açıqlamasında "Sabah" komandasının futbolçusu Nicat Mehbalıyev evdə Sloveniya "Tsele"sinə 2:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
25 yaşlı qapıçı tərəflərin səviyyəcə bərabər olduğunu bildirib: "Heç kim deyə bilməz ki, hansısa komanda digərindən ikiqat üstün oldu. Oyunun taleyini xırda nüanslar həll etdi. Bir az keyfiyyət, bir az təcrübə... 2:3 hesabı ilə geridə olsaq da, səfərdəki oyun üçün şanslar bərabərdir".
O, komandasının çox qaçdığını söyləyib: "İkinci hissədə fiziki yorğunluğun olması normal haldır. Futbolçular çox güc sərf etdilər. Rəqib daha çox top saxladığı üçün oyunumuz pressinq üzərində qurulmuşdu".
Mehbalıyev yeni baş məşqçi Valdas Dambrauskasın uğurlu karyeraya malik olduğunu vurğulayıb: "İlk gündən bizə bildirdi ki, özünəinamlı futbolçular istəyir. Səhv etməyimizin normal olduğunu söylədi. Bu, bizdə inam yaratdı. Baş məşqçinin kimliyi bizə fərq etmir. Komanda olaraq, nizam-intizamı hər zaman qorumuşuq. Futbolda hər komandanın enişi də, yüksəlişi də olur. Zaman keçdikcə, düşünürəm ki, əvvəlki zamanlardan daha yaxşı olacağıq".
O, "Sabah"da baş məşqçilərin tez-tez dəyişməsi barədə də danışıb: "Bu, futbol həyatıdır. Futbolçunun özü də 6 aydan bir komanda dəyişə bilər. Bunun bizə aidiyyatı yoxdur. Biz məşq etməli və baş məşqçinin istəklərini yerinə yetirməliyik".
Mehbalıyev "Sabah"la bir illik müqaviləsi olduğunu bildirib "Gələcəkdə nə olacağını zaman göstərəcək".
O, yeni mövsümdə komandasının Azərbaycan Premyer Liqasında çempionluğu hədəflədiyini açıqlayıb: "Ötən mövsüm də bunu istəyirdik, amma 5-ci olduq. Futbolçu hər zaman ən yüksəyi istəməlidir. Niyə də yox?! Rəhbərlik bizə hər bir şəraiti yaradıb, yaxşı komandamız var. Biz də istəyirik ki, çempion və ya medalçılar siyahısında olaq".
Qeyd edək ki, iki komanda arasındakı cavab oyunu iyulun 17-də Sloveniyada keçiriləcək.