
FIFA ABŞ-də təşkil olunan klublarası dünya çempionatından 2 milyard dollardan çox gəlir əldə edib.
Sportnet.az xəbər verir ki, bu barədə beynəlxalq qurumun prezidenti Canni İnfantino “Blue News”a açıqlamasında bildirib.
O, mundialın böyük uğur qazandığını söyləyib: “Oyunlarımıza, demək olar ki, 2,5 milyon tamaşaçı gəlib. Bu, hər matça orta hesabla 40 min azarkeş edir. Televiziya vasitəsilə oyunların 20 milyarddan çox izləyicisi olub. 168 ölkədən olan azarkeşlərə bilet satılıb. 2 milyard dollardan çox gəlir əldə etmişik. Bu, hər oyun üçün 31 milyon dollar deməkdir. Heç bir klub turniri bununla müqayisə oluna bilməz”.
İnfantino PSJ (Fransa) və “Çelsi” (İngiltərə) komandaları arasında keçiriləcək final oyununda beş qitədən olan futbolçunun iştirak edəcəyini bildirib: “Bu, FIFA üçün böyük qürur mənbəyidir. Hər şey şən atmosferdə baş verdi. Turnir ərzində bircə xoşagəlməz hadisə olmayıb. Bizi həm finaldan əvvəl, həm də fasilə zamanı möhtəşəm şoularımız gözləyir. Biz futbolun mənzərəsini dəyişmişik. Bütün dünyada klubları məşhur etdik”.
Qeyd edək ki, bu gün keçiriləcək final matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.