
Xorvatiya millisinin və İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Yoşko Qvardiol hazırda dostları ilə vətənində istirahət edir.
Sportnet.az xəbər verir ki, 23 yaşlı müdafiəçi tətildə çəkdirdiyi şəkilləri şəxsi instaqram hesabında bölüşür.
Qvardiol paylaşdığı fotoların birində onun yığmadakı komanda yoldaşı Luka Modriçin forması asılan köhnə ev əks olunub. Zadar yaxınlığındakı Zaton Obrovaçki kəndində yerləşən ev bir vaxtlar Modriçin babasına məxsus olub və Lukanın uşaqlığı məhz burada keçib.
Ev 1991-ci ildə Xorvatiyada baş verən müharibə zamanı dağıdılıb, Modriçin babası isə öldürülüb.
Bu hadisədən sonra Modriç ailəsi sürgün edilib və Luka futbolçu karyerasına başlamazdan əvvəl uşaqlığını Zadardakı otellərdə keçirib.
Bu gün Modriçin babasının evi xarabalığa bənzəyir, ətrafı isə minalanıb.
Zadarın İnkişaf Agentliyi "Zadra Nova" ev-muzeyinin bərpası və sərgi, suvenir mağazası və məlumat mərkəzinə çevrilməsi təşəbbüsü ilə çıxış edib, lakin Modriç ailəsinin razılığı hələ almayıb. Bina Xorvatiya Respublikasına məxsusdur və ailənin şəxsi mülkiyyətində deyil.
Qeyd edək ki, Luka Modriç ötən mövsümün sonunda İspaniyanın "Real Madrid" klubundan ayrılıb. O, bir müddət öncə İtaliyanın "Milan" komandası ilə müqavilə imzalayıb.